Əsas Səhifə > Güney Press > Yaslarda ehsan ləğv edilir
Yaslarda ehsan ləğv edilirBu gün, 11:03 |
Son vaxtlar kəndlər və rayonlarda yas yerlərində çay və halva istisna olmaqla, ehsan verilməsi kütləvi şəkildə ləğv olunur. Bu qaydadan sonra isə həmin ərazidə dünyasını dəyişən heç kimə ehsan verilmir. Lakin sözügedən addım çoxları tərəfindən müsbət qarşılanmır. İnsanlar bildirirlər ki, hüzür yerlərinə yemək üçün getməsələr belə, uzaq yoldan gələndə acırlar, yaxud bu səbəbdən iştirak etmirlər. Hətta bəziləri deyir ki, yasa gedən şəxsləri nəzərə alaraq, ehsan verilib-verilməməsi ailənin şəxsi seçiminə buraxılmalıdır. Bölgədə ləğv olunub deyə, hər kəs bu qayda ilə getməməlidir. Bir tərəfdən israfçılığın qarşısı alınır, digər tərəfdən isə illərlə formalaşmış ənənələrin birdən-birə qadağan olunması suallar doğurur. İnsanlar indi həm də mənəvi tərəddüd yaşayır: “Əzizimə son vəfa borcumu necə ödəyim? Ənənəyə sadiq qalaraq ehsan verimmi, yoxsa yeni qaydaya boyun əyimmi?” Bu barədə ehtimallar çoxdur, kimlər razı, kimlər narazıdır. İlahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, İslam dinində yasda yemək verilməsi, ziyafət açılması ilə bağlı göstərişlər yoxdur: “Son zamanlar ölkəmizdə aparılan təbliğatın nəticəsində bir çox bölgələrdə yas zamanı verilən ehsanlarda məhdudlaşmalar oldu. Hətta bəzi ərazilərdə ümumiyyətlə ehsan verilməsi tamamilə dayandırıldı. Bununla yanaşı ehsan verilən rayonlar, kəndlər, eləcə də şəhərlər az deyil. Ehsanların sadəcə maddiyyatla əlaqələndirilməsi doğru yanaşma deyil. Peyğəmbərimizin bir hədisində vurğulnır ki, İslam dinində ehsan “Allaha elə ibadət etməkdir ki, sanki onu görürsən: əgər sən onu görməsən də, O səni görür”, mənasını daşıyır. Lakin burada önəmli olan yasa Allah rızasını qazanmaq üçün getməkdir. Oraya yemək üçün gəlməyin vəfat edən şəxsin ruhuna zərrə qədər köməyi yoxdur. Ehsan əsasən fəqirə, yoxsula, ehtiyacı olan insanlara verilir. Yas düşən evdəki sakinlər yemək adında ehsan vermək istəyirsə, bu, onun şəxsi işidir. Onu imkasız insanlara, kimsəsizlərə, fəqirlərə aparıb, verə bilər. Hüzünü, dərdi olan insana başsağlığı vermək üçün gedib, oturanda 1 stəkan çay içmək, halva yemək normal haldır, amma yeməklərin verilməsi, ziyafətlərin açılması İslam dinində yoxdur. Məhəmməd peyğəmbər hələ əsrlər əvvəl əshabına deyirmiş ki, kiminsə evində yas düşübsə, evinizdən onlara yemək aparın. Yas yerlərinə uzaq məsafədən qonaqlar, yaxud imkanlı şəxslər gəlib, iştirak edə bilərlər, amma əsas məsələ onlara yemək vermək deyil. Bu cür məclislərdə daha çox quran oxunmalı, insanlar maariflənməlidir. Yaslarda qarın doyurmaq yox, qəlblərin, ruhların doymasına ehtiyac var”. Geri qayıt |