Əsas Səhifə > Güney Press > Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq?

Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq?


Bu gün, 10:38

Payız və qış ayları Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə birbaşa təsir göstərir. Mövsümi amillər, istehsal xərclərinin artması və bəzi məhsulların bazarda az olması qiymətlərin artmasına səbəb olur.
Bu ilin payız qış aylarında bazarlarda hansı qiymətləri görəcəyik? Bahalaşma daha çox hansı məhsullara təsir edəcək?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda 2025-ci ilin payız-qış mövsümü üçün kənd təsərrüfatı məhsullarında bahalaşma ehtimalı yüksək olan bir neçə istiqamət var:
"Ət və ət məhsullarında ümumi artım tempi yüksəkdir. 2025-ci ilin ilk yarısında mal və qoyun ətinin qiymətləri 15-18% civarında bahalaşıb. Bu tendensiya davam edərsə, payız-qışda da artım davam edəcək.
Yem xərcləri yüksəlir. Azərbaycanda yem istehsalının özünü təmin etmə səviyyəsi cəmi 45–50% olduğu üçün, idxal asılılığı ciddi təsirə malikdir. Qarğıdalı idxalı çoxdur və onun qiyməti 2025-ci ildə ton üzrə 420–450 manatla, 2020-ci illə müqayisədə təxminən 70% bahalaşıb. Bu da ətin maya dəyərinə birbaşa təsir edir. Yəni payız-qışda ətin qiyməti, xüsusən dana, qoyun, broyler və toyuq ətində bahalaşma gözlənilə bilər”.
Akif Nəsirli bildirib ki, mövsümi amillərin təsiri ilə pomidor qiymətlərində də ciddi artım olacaq: "2025-ci ilin əvvəlində Azərbaycan bazarında pomidor qiyməti kiloqramına 3 manatdan 5 manata qalxıb. Bunun başlıca səbəbi isə istixana sayında azalma (2024-də 3,228-dən 3,037-ə düşməsində) və təklif azlığıdır. Təbii olaraq, bağlarda istehsal növbəti bağlanma mövsümünə doğru azalır və bazarda monopol taktikaları ilə qiymət formalaşması baş verir. Bütün bu sadaladıqlarımın nəticəsi olaraq qeyd edim ki, payız-qış aylarında pomidorun qiymətinin daha da bahalaşması mümkündür”.
İqtisadçı vurğulayıb ki, ağartı məhsullarının qiymətində də mövsümi bahalaşma gözlənilir: "Məhsuldarlığın azalması və tələbatın artması səbəbindən süd və ağartı məhsullarının (pendir, qatıq, qaymaq və s.) payız-qış dövründə bahalaşacaq. Ölkə üzrə süd istehsalında tələbatı qarşılamaq çətinləşir. Azərbaycanda istehsal olunan süd ümumi ehtiyacı qarşılamır (təqribən 1,7 milyon ton istehsal və 3,5 milyon ton illik tələbat) . Tələbatın artması mövsümdə qiymət artımına səbəb olur. Ona görə də süd və süd məhsullarının qiymətlərində də xüsusən qış aylarında bahalaşma riski var”.

Geri qayıt