Əsas Səhifə > Güney Press > Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır

Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır


Bu gün, 16:11

Qarabağı könüllü tərk edən ermənilər son aylarda kütləvi şəkildə Rusiyaya gedir.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Qarabağı tərk etmiş ermənilərin Rusiyaya kütləvi axınının səbəbi Ukrayna müharibəsidir. Belə ki, onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılan könüllü dəstələrdə, xüsusən müqaviləli hərbi qulluqçulara kifayət qədər yüksək maaş verildiyi erməni batalyonu “Arbat”da qeydiyyata alınırlar.
Eyni zamanda, müxtəlif rus mətbu orqanlarının yazdıqlarına görə, "Arbat" batalyonuna üzv olanların əksəriyyəti Rusiyada yaşayan ermənilərdir. Lakin son aylarda Qarabağdan köçənlərin də bu siyahıya qoşulması prosesi müşahidə olunur.
 
Politoloq Natiq MiriSherg.az-a söyləyib ki, Rusiyada artıq elə bir rejim formalaşıb ki, ölkəyə daxil olan xarici vətəndaşlar, qanunsuz miqrantlar ya Ukraynaya gedib döyüşməyə razılaşmalıdırlar, ya da deportasiya olunurlar:
"Başqa seçim demək olar ki, yoxdur. Bununla yanaşı, könüllü şəkildə gedənlər də var. Bu kontekstdə Qarabağdan Ermənistana köçmüş ermənilərin çoxluq təşkil etməsi diqqət çəkir. Çünki Ermənistan vətəndaşlarının, xüsusilə ölkə daxilində yaşayan ermənilərin Rusiya tərəfində döyüşməkdə maraqlı olmadıqları görünür. Rəqəmlər də göstərir ki, əsasən Qarabağdan köçmüş ermənilər bu prosesdə iştirak edirlər. Ukrayna xüsusi xidmət orqanları "Arbat" batalyonunun rəhbərini məhv etsə də, qruplaşma hələ də fəaliyyətini davam etdirir. Burada əsasən Rusiyada yaşayan ermənilər toplanır, onlara yüksək maaş vədləri verilir və döyüşə cəlb olunurlar. Bundan başqa, Suriyada, Liviyada və digər Yaxın Şərq ölkələrində yaşayan ermənilərin də bu batalyona qatılmasına çalışılır. Qarabağdan köçmüş ermənilər isə Ermənistanda iş tapa bilmədiklərinə görə bu vədlərə inanaraq Rusiyaya üz tuturlar və asanlıqla "Arbat" batalyonunun toruna düşürlər. Onlara deyikir ki, döyüşdən sonra Rusiyada yaşamaq və işləmək imkanları əldə edəcəklər. Bir tərəfdən bu, işsizlik və maddi çətinliklərin nəticəsidirsə, digər tərəfdən də Qarabağ ermənilərinin hər zaman Rusiyaya bağlı olmaları ilə izah olunur. Çünki onların Qarabağdakı sosial-siyasi və hərbi varlığını təmin edən əsas güc uzun illər Kreml olub".
 
Analitik qeyd edib ki, onlar Ukrayna tərəfində döyüşməyi seçmirlər, baxmayaraq ki, orada da yüksək maaş almaq mümkündür:
"Bunun əsas səbəbi Qarabağa qayıtmaq perspektivinin tamamilə aradan qalxmasıdır. Ermənilər də bunu anlayır. Çünki Ermənistan hökuməti də artıq bu məsələdə israrlı deyil. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib geri dönmək istəmirlər, Ermənistanda da iş imkanları məhduddur. Buna görə gənclərin bir hissəsi ölkəni tərk edir, qalanlar isə Rusiya üçün döyüşə göndərilir. Nəticədə Qarabağdan köçmüş ermənilər ya Ermənistanda hökumətə qarşı müxalif qüvvələrin əlində siyasi alətə çevrilir, ya da Rusiyanın Ukraynada apardığı müharibədə istifadə olunur. Onların həyatı Kreml üçün heç bir mənəvi və sosial dəyər daşımırş Yəni ölümü və ya sağ qalması Moskvanın maraqları baxımından əhəmiyyət kəsb etmir".

Geri qayıt