Əsas Səhifə > Güney Press > Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir
Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmirBu gün, 11:50 |
Rusiyanın müxtəlif bölgələrində azərbaycanlı diaspor rəhbərlərinin və iş adamlarının bir-birinin ardınca saxlanılması təsadüfi hadisə kimi deyil, siyasi motivli və qərəzli kampaniya kimi dəyərləndirilir. Son iki ay ərzində iki diaspor nümayəndəsinin həbs olunması, birinin isə deportasiyası təsadüfi proses deyil, əksinə, məqsədli kampaniya görüntüsü yaradır. Həmin şəxslər uzun illər Rusiya cəmiyyətində dinc şəkildə fəaliyyət göstərib, biznes qurub, iqtisadiyyata töhfə verib, Azərbaycanla Rusiya arasında körpü rolunu oynayıb. İndi isə həmin insanların “maliyyə fırıldağı” və ya digər ittihamlarla təcrid olunması ikitərəfli münasibətlərin onsuz da gərgin fonunu daha da ağırlaşdırır.
Azərbaycan tərəf baş verənləri Rusiyanın azərbaycanlılara qarşı etnik hücumu kimi qiymətləndirir. İki ölkə arasında münasibətlər ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra pisləşib. İyun ayında isə Rusiyada iki azərbaycanlının həbs zamanı ölməsi münasibətlərdəki gərginliyi daha da artırıb. Azərbaycan onların işgəncə altında, Rusiya isə "ürəktutmadan" öldüyünü bildirib.
Məsələni daha da mürəkkəbləşdirən məqam isə Rusiyanın rəsmi ritorikasıdır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlamaları bir növ ultimatum xarakteri daşıyır: o, Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsini Moskva ilə Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım kimi təqdim edib. Bu isə dolayısı ilə belə bir mesaj verir ki, “sən mənim adamlarımı azad et, mən də sənin diaspor nümayəndələrinə qarşı təzyiqi basqını yumşaldım”.
Zaxarova qeyd edib ki, Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər: “Bu məsələ avqustun 22-də Həştərxanda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında ətraflı müzakirə olunub və Moskvanın mövqeyi Azərbaycan nümayəndə heyətinə çatdırılıb”.
Millət vəkili Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfi əvvəlcə öz cinayətlərinə görə cavab verməli, vurulan təyyarəyə görə məsuliyyət daşımalıdır. Həmçinin də qanunsuz həbsdə saxladığı azərbaycanlı diaspor fəallarını azad etməli, Yekaterinburqda qətlə yetirilən soydaşlarımıza görə üzr istəməli və kompensasiya verməlidir. Bu addımlar atıldıqdan sonra Bakının Moskvanın tələblərinə cavab verib-verməməsi barədə düşünmək mümkündür:
“Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdə müəyyən problemlərin olduğunu etiraf etdi. O, bunun “normal hal” olduğunu bildirsə də, eyni zamanda əlaqələrin dərinləşdirilməsində maraqlı olduqlarını da vurğuladı: “Əslində, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məsələyə daha açıq şəkildə toxunmuşdu. Dövlət başçısı Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin səbəblərini göstərərək vurğuladı ki, münasibətlərin soyumasına gətirib çıxaran ardıcıl addımlar məhz Moskva tərəfindən atılıb.
Xüsusilə 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması bu gərginliyin qırılma nöqtəsinə çevrildi. Hadisədən sonra Rusiyanın üzrxahlıq etməməsi, məsuliyyət daşımayan mövqe sərgiləməsi və strateji tərəfdaşlıq prinsiplərinə zidd davranışlar nümayiş etdirməsi Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurdu.
Bundan sonrakı mərhələdə hibrid təhdidlər, informasiya müharibəsi elementləri, anti-Azərbaycan narrativləri Rusiya mediasında və Z-blogerlər vasitəsilə dövriyyəyə buraxıldı. İmperiyapərəst dairələr bu gərginlikdən istifadə edərək Azərbaycanı təxribata çəkməyə, ölkəyə qarşı təzyiqləri gücləndirməyə, “düşmən obrazı” formalaşdırmağa çalışdılar. Diaspor təşkilatlarına qarşı sərt addımlar, vətəndaşlıqdan məhrumetmə halları, hüquqi məhdudiyyətlər və hətta iqtisadi maraqların zorla bölüşdürülməsi bu siyasətin tərkib hissəsinə çevrilib.
Ən diqqətçəkən məqam odur ki, bütün bu hadisələrə görə Rusiya dövlət səviyyəsində heç kimi məsuliyyətə cəlb etmədi. Halbuki Moskva kimi böyük dövlət üçün üzr istəmək, təzminat ödəmək və ya münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmaq çətin deyildi. Lakin Kremlin müxtəlif qüvvələrinin fərqli maraqları nəticəsində ardıcıl şəkildə münasibətləri gərginləşdirən qərarlar qəbul edildi”.
Allahverənovun fikrincə, Azərbaycan və Rusiya 2022-ci ildə Strateji Tərəfdaşlıq Anlaşması imzalasa da, sonrakı proseslər göstərdi ki, Moskva bu sənədin ruhuna uyğun davranmır:
“Azərbaycanın qaldırdığı suallar cavabsız qalır, əvəzində isə Azərbaycandan birtərəfli addımlar gözlənilir. Azərbaycan isə beynəlxalq hüququn prinsiplərinə sadiqdir. Ölkəmiz heç vaxt münasibətlərin pisləşməsində maraqlı olmayıb. Əksinə, hər zaman konstruktiv mövqe nümayiş etdirib. Buna sübut kimi göstərmək olar ki, Azərbaycan Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmayıb, iqtisadi əlaqələri kəsməyib. Hətta enerji və ticarət sahəsində əməkdaşlıq davam etdirilib. Lakin bunun müqabilində Moskva Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağalar qoyub, Rusiyada yaşayan azərbaycanlı miqrantlara qarşı kütləvi məhdudiyyətlər tətbiq edib.
Maraqlıdır ki, Azərbaycanda yaşayan rus icması heç bir məhdudiyyətlə üzləşməyib, onların hüquqları tam şəkildə qorunur. Bu da göstərir ki, Azərbaycan münasibətlərdə balanslı və beynəlxalq öhdəliklərinə sadiq siyasət yürüdür.
Görünən odur ki, Rusiya hələ ki, bu ritorikadan geri çəkilmək niyyətində deyil. Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan edib: əgər Moskva real addımlar ataraq problemlərin həllinə yönəlmiş səmimi mövqe nümayiş etdirsə, Bakı da “güzgü diplomatiyası”na uyğun şəkildə adekvat cavab addımları atacaq.
Beləliklə, münasibətlərin gələcək istiqaməti Kremlin atacağı addımlardan asılı olacaq. Azərbaycan konstruktiv tərəfdaşlıqda maraqlıdır, lakin gərginliyin yaranmasına səbəbkar olan tərəfin də məsuliyyəti üzərinə götürməsi vacibdir”.
Geri qayıt |