Əsas Səhifə > Güney Press > “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var”

“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var”


Bu gün, 16:34

“Samux ratonunda ehsan süfrəsi yığışdırıldığı üçün insanların yas mərasiminə getməmələri barədə xəbərə yayılan çox üzüldüm və bir anlıq düşündüm ki, bizim millətimiz belə deyil. Nə üçün bu gün belə halla üzləşirik? Düşünürəm, ehsanın yığışdırılması insanların yasa gəlməsinə təsir etməməlidir. Hər birimizin gündəlik yaşadığı proseslərə baxanda, şübhəsiz ki, ümumi mənafe cəhətdən yaslarda ehsan süfrəsinin yığışdırılması, israfçılığa son qoyulması çox düzgün qərardır. Samux rayonundakı yasa ehsan yoxdur deyə az adam gəlməsi ilə bağlı yayılan informasiya araşdırılmalıdır. Ola bilər, təxribat olsun. Yas-mərasim evləri özləri belə məlumatı yayırlarsa, onda bu onların bizneslə bağlı qorxularından irəli gələ bilər. Sanki mərasim evlərinin sahibləri də bu məsələdən çox narahatdırlar. Bu biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var. Ola bilər, bu piar kampaniyası məqsədi də daşısın, kimlərsə prosesin qarşısını almaq üçün təbliğata başlasın. Çünki hər il milyonlar dövriyyədən gedir, xeyli sayda insan prosesdən bəhrələnir”.

Bu sözləri Pravda.az-a açıqalamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, yas mərasimində yeyib-içmək süfrəsinin təşkili ciddi israfçılıqdır: “Bu kimi halların qadağan olunması təqdirəlayiqdir. Nəhayət, insanlarımız anlayırlar ki, israfçılığa son qoymalıdırlar. Artıq cəmiyyətdə buna yer yoxdur və olmamalıdır. İnsanlarımız tarixi ənənəmiz olan yas mərasimlərində başsağlığı ənənələrinə də riayət etməlidirlər. Hazırda aparılan təbliğatdan isə görünür ki, insanlar yas mərasimlərinə yalnız yeməyə gəlirmişlər. Bizim xalqımızın yas mərasimlərinə yalnız yemək üçün getdiyini düşünmürəm. Məsələyə bir az fərqli kontekstdən baxmaq lazımdır. Bu cür təbliğatın heç bir əsası yoxdur. İnsanlara müraciət edirik ki, mütləq şəkildə yas mərasimlərinə gedin, iştirak edin ki, kimlərsə yas sahiblərinə yemək vermələri üçün təsir etməyə çalışmasın. Deməsinlər ki, heç kim sizin yasınıza gəlməyəcək. Kimsə yas mərasiminə yalnız yemək üçün gəlirsə, gəlməsin. O insanların yas mərasiminə gəlməmələrindən qorxmaq lazım deyil. Kim istəyir, gəlsin, kim istəmir, gəlməsin. Səmimi qəlbdən yasda iştirak etmək istəyənlər iştirak edəcəklər. Səmimi olmayanlar şübhəsiz ki gəlməyəcəklər. Bu problem deyil. Öz məsələləridir, narahat olmaq lazım deyil”.


Geri qayıt