Əsas Səhifə > Güney Press > Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif

Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif


Bu gün, 13:33

Milli Məclisin deputatı Razi Nurullayevin tıxaclarla bağlı paylaşımı diqqət çəkib. O bildirib ki, yollarda təmir işlərinin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçilməsinə ehtiyac var.

Sitat: “Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya koloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Bakı Mühəndislik Universitetinin yanında başlayır. Ətrafda yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir. Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədər çəkməlidirmi? Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçirilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

Sözügedən təklif sosial şəbəkə istifadəçiləri arasında müzakirə obyektinə çevrilib.

24 saatlıq iş rejimi tıxacların aradan qaldırılması üçün effektiv ola bilərmi?

Globalinfo.az təklifin detalları ilə bağlı deputat Razi Nurullayevin fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, şəhərdə tıxac problemi hazırda kritik həddə çatıb:

“Artıq hər kəs bundan əziyyət çəkir. Vəzifəli-vəzifəsiz, imkanlı-kasıb fərqi yoxdur, hamı tıxaclarda qalmağa məcbur olur. Bu səbəbdən Prezident yol-nəqliyyat məsələləri ilə bağlı toplantı keçirərək ciddi tapşırıqlar verib və yeni layihələr təqdim olunub. Həmin layihələrin 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur. Lakin mövcud vəziyyət göstərir ki, işlər yekunlaşana qədər sıxlığa dözmək getdikcə çətinləşəcək”.

Deputat qeyd edib ki, layihələrin daha sürətli icrası məqsədilə işlərin 24 saatlıq, iki-üç növbəli rejimdə aparılması faydalı olardı:

“Bu, vacib mərhələlərin daha qısa müddətdə həyata keçirilməsinə imkan verər. Əlbəttə, aidiyyəti qurumlar öz resurslarını və imkanlarını yaxşı bilirlər. Burada əsas şərtlərdən biri maliyyənin operativ ayrılmasıdır. Bu təmin olunsa, görülən işlərin daha sürətli nəticə verməsi mümkündur”.


Geri qayıt