Əsas Səhifə > Güney Press > “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!”
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!”Dünən, 17:13 |
Laçında keçirilən IX “Muğam” müsabiqəsinin finalında yaşanan qalmaqal müzakirə obyektinə çevrilib. Belə ki, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirib. Hətta müsabiqənin final mərhələsinə vəsiqə qazanan Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyib. Sitat: “Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq”. Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib. Əsas haqsızlıq nədən ibarətdir? Müsabiqədə nə baş verib? Globalinfo.az-a danışan iştirakçı Kənan Novruzov deyib ki, diplomat kimi təqdim olunduğuna görə mükafatı qəbul etməyib: “7 nəfər finalda idik. Lakin bizi müsabiqənin finalında ilk həftədən çıxan iştirakçıların sırasında – diplomat kimi təqdim etdilər. Ona görə də verilən diplomu qəbul etmədim. Finalçı olaraq mənə layiqli yer verilməyib. İştirak edən hər kəs mənim üçün dəyərlidir, kiminsə adını çəkə bilmirəm ki, bu layiq idi, bu yox. Etirazım odur ki, biz diplomat səviyyəsində deyildik, 3 ay əziyyət çəkmişdik. Bizi xalq bəyənirdi, ifalarımız da göz önündədir”. Digər narazı iştirakçı Aycan Şükürlü də haqsızlıq olunduğunu hesab edir: “Münsiflər bütün müsabiqə boyu mənə yüksək bal verir və heç bir irad bildirmirdilər. Aşağı bal almadan məni yüksək göstərici ilə finala qədər gətirib diplomatlar sırasında gördülər. Bu, haqsızlıqdır. Mən həqiqətən üç yerdən birinə layiq idim. Yaşananlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışam”. Müsabiqədə birinci yeri qazanan Aytac Bəybalayeva isə bildirib ki, münsiflərin qərarına hörmətlə yanaşır: “Münsiflərin qərarı barədə bir söz deməyə haqqım yoxdur. Sadəcə müsabiqədə yer qazana bilməyib qaliblərin əleyhinə rəy yaradan insanlara yazığım gəlir”. 8-16 yaşlı yeniyetmələr arasında birinci yerə layiq görülən Əhəd Ağayevin atası Mehdi Ağayev deyib ki, müsabiqədə qalibləri münsiflər təyin edib: “Münsiflər kimin hansı yerə layiq olduğunu müəyyənləşdirib və nəticədə bu seçim düzgün hesab olunur. Çünki sahənin mütəxəssisi olaraq ən doğru qərarı vermək də məhz onlara məxsusdur”. Geri qayıt |