Əsas Səhifə > Güney Press > Rusiyanı sevindirən dost həmləsi

Rusiyanı sevindirən dost həmləsi


Dünən, 16:05

Ukrayna Silahlı Qüvvələrinin avqustun 22-də Rusiyanın Macarıstana neft tədarük etdiyi “Drujba” kəmərinə hücumu iki ölkə arasında gərginliyə səbəb olub.

Bu baxımdan, Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı təhdid dolu açıqlamaları narahatlıq doğurur. Hətta Macarıstanın xarici işlər naziri sonuncu çıxışında Kiyevin bu hücumla əslində Rusiyanı deyil, Slovakiya və Macarıstanı hədəf aldığını bildirib.

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Kiyevlə Budapeşt arasındakı gərginliklər yeni məsələ deyil:

“Bu proseslər əvvəldən də mövcud idi. Müharibənin ilk günlərindən etibarən iki ölkə arasında ziddiyyətlər üzə çıxmağa başlamışdı. Çünki Macarıstan əslində Qərbin Ukraynaya hərbi dəstək göstərməsinə qarşıdır. Orban hökuməti hesab edir ki, Kiyevə xərclənən maliyyə vəsaitləri Avropa dövlətlərinin sosial, iqtisadi və hərbi ehtiyaclarına yönəldilməlidir. Budapeştin mövqeyinə görə, Ukraynaya yardım Avropanın gəlirlərinin böyük hissəsini sıradan çıxarır və dəstəyin həcmi mümkün qədər məhdudlaşdırılmalıdır.

Macarıstan dəfələrlə Avropa İttifaqının (Aİ) Ukraynaya yardım paketlərinə veto qoyub. Bununla yanaşı, Budapeşt Moskva ilə münasibətlərin normal qalmasında maraqlıdır. Orban hökuməti yaxşı anlayır ki, ölkənin enerji resursları ilə təmin olunmasında Kremlin rolu böyükdür. Ona görə də başqa ölkələrdən daha baha qiymətə neft və qaz almamaq üçün Rusiya bazarına üstünlük verir.

Ümumiyyətlə, Avropada Kiyevə münasibət o qədər də pozitiv deyil. Aİ-nin Ukraynanı dəstəkləməsinin əsas səbəblərindən biri onun Rusiya ilə Avropa arasında “bufer zona” rolunu oynamasıdır. Hesab edilir ki, Kiyev yalnız Avropanın təhlükəsizliyi üçün qorunmalıdır. Ukraynanın Polşa ilə münasibətlərində də problemlər mövcuddur. Hətta Polşa bu ölkəyə öz büdcəsi hesabına internet təminatının ödənişini belə dayandırıb”.


Geri qayıt