Əsas Səhifə > Güney Press > “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar?

“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar?


Bu gün, 14:52

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Aznof” MMC (VÖEN – 1001806271) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müsabiqənin şərtlərinə görə, “Aznof” MMC KOBİA-nın sifarişi ilə “Gəncə KOB evi”nin tikinti işlərini davam etdirəcək və qarşılığında 2 milyon 528 min 609 manat 32 qəpik alacaq.
Qeyd edək ki, KOBİA ötən ilin may ayında da “Aznof” MMC ilə “Gəncə KOB evi”nin tikinti işləri barədə 2 milyon manat dəyərində müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, son 2 ildə KOBİA ilə 4,5 milyon manat dəyərində müqavilə imzalayan “Aznof” MMC 13 iyul 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr. ev 189-da yerləşir. MMC-nin qanuni təmsilçisi Murtuzova Sevda İsgəndər qızıdır.
Xatırladaq ki, 19 aprel 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında “Gəncədə Kiçik və Orta Biznes (KOB) evi inşa edilir” sərlövhəli məlumat dərc olunub. Məlumatda bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 2 183 kv.m. tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir. Xəbərdə tikilməkdə olan “Gəncə KOB evi”nin fotoları da yer alıb. Xəbərdə o da qeyd olunub ki, “Gəncə KOB evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub.
Eyni zamanda, KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov 2023-cü ildə verdiyi müsahibədə bildirib ki, “Gəncə KOB evi”nin ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Yayılan məlumatdan belə görünür ki, KOBİA “Aznof” MMC ilə satınalma müqaviləsi imzalamazdan bir ilə əvvəl tikinti işlərinin böyük bir hissəsi başa çatıb.
Onu da qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, tikinti ilə bağlı işlərin görülməsi məxfi məlumat hesab oluna bilməz.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.


Bu səbəbdən də, KOBİA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
KOBİA-nın satınalma müqaviləsi imzaladığı “Aznof” MMC-nin dövlət büdcəsinə də vaxtında ödənilməyən 7 min 93 manat 18 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
“Aznof” MMC KOBİA ilə imzaladığı satınalma müqaviləsinin icrasına avqust ayının 21-dən başlayıb. Belə görünür ki, MMC-nin müqavilə imzalayan zaman vergi borcu olmayıbsa, o zaman 7 min manatlıq borc son 4 gün ərzində yaranıb.


Geri qayıt