Əsas Səhifə > Güney Press > "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar"

"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar"


Bu gün, 11:11

“Cənab Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşü çərçivəsində strateji əhəmiyyətli bir sıra məsələlərlə bağlı mövqeyini ifadə etdi. Bu məsələlər ilk növbədə Kəlbəcərin işğalı tarixi ilə bağlı məqamları da özündə ehtiva edirdi. Dövlətimizin başçısı vurğuladı ki, 1992-ci ilin may ayında Şuşa və Laçın şəhərlərinin işğalı nəticə etibarilə keçmiş "Dağlıq Qarabağ" muxtar vilayəti ilə Ermənistan arasında əlaqə yaratdı, quru yolu ilə təmin etdi. 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərin işğalı nəticəsində Ermənistanın Azərbaycanın digər rayonlarını işğal, zəbt etməsi üçün geniş imkanlar yarandı. Cənab Prezident bu xüsusda vurğuladı ki, Şuşa və Laçının işğalı birbaşa AXC və Müsavat cütlüyünün yarıtmaz, anti-milli, dönük siyasəti ilə bağlı idi. Çünki onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar. Faktiki olaraq Şuşanı, Laçını ermənilərə təhvil verdilər. Məqsəd bu idi ki, hakimiyyətə gəlsinlər. Necə deyərlər, bu cütlük hakimiyyət hərisliyini həyata keçirmək üçün hətta şeytanla da müqavilə imzalamağa hazır idi, bunu belə etdilər".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Nəticədə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, heç biri icra edilmədi. Selektiv yanaşma özünü göstərdi. Əslində hər kəsə bəllidir ki, BMT Nizamnaməsinin 25-ci maddəsində çox aydın mətnlə yazılıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası icbaridir, yəni məcbur icra edilməlidir. Amma 28 ildən çox bu qətnamələr icra edilmədi. Lazım gələndə qətnamələrin icrası dərhal yerinə yetirilir. Məsələn, 2011-ci ildə Liviyaya - Muəmmər Qəddafiyə qarşı Şura qətnamə qəbul etdi və ABŞ başda olmaqla NATO qüvvələri Liviyanı bombalamağa başladılar. Qətnamənin mürəkkəbi qurumamış icra edilməyə başladı. 1999-cu ildə Yuqoslaviya 78 gün bombalandı, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yox idi. 2003-cü ilin mart ayının 19-dan 20-nə keçən gecə ABŞ İraqa qarşı hərbi əməliyyatlara başladı. Yenə də Şuranın qətnaməsi yox idi. Deməli, beynəlxalq hüquq oyun-oyuncağa çevrilir. Lazım gələndə istinad edirlər, lazım olmayanda yada salmırlar. Necə ki bizim nümunəmizdə 28 il qətnamələr icra edilmədi. Qətnamələri icra edən Azərbaycan dövləti və onun Silahlı Qüvvələri oldu. Bu, aksiomadır və hər kəs bilir. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul idi. Cənab Prezident çıxışında bu məqama da diqqət yetirdi. Onlar münaqişənin həlli əvəzinə onu dondurmaqla məşğul oldular. Münaqişəni əbədi etmək istədilər. Minsk Qrupunun həmsədrlərindən biri Ermənistanı silahlandırır, digəri ona siyasi dəstək verir... Nəticədə bütün addımlar Ermənistanın mənafeyi baxımından atılırdı. Haşiyəyə çıxaraq söyləyim ki, vaxtilə Minsk Qrupu sinəsinə döyüb, qururla deyirdi ki, guya onların fəaliyyəti olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilmişdi. Daha əllərini sinələrinə döyməyə də əsasları qalmadı, münaqişə müharibəyə çevrildi. Biz müharibə ilə öz ərazi problemimizi həll etdik. Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. İndi də həmin dövlətlərin bəziləri Ermənistana silah dəstəyi verirlər. Ermənistan Fransa və Hindistandan böyük miqdarda müasir silahlar alıb. Bunlar hücum silahlarıdır. Nəyə görə verilib? Regiona sülh gətirmək üçün? Qətiyyən yox. Verilib ki, Ermənistan yenidən revanşizmi gücləndirsin və onu yeni müharibəyə hazırlasınlar. Bu reallığı nəzərə alaraq cənab Prezident İlham Əliyev Kəlbəcərdə sakinlərlə görüşündə bir daha vurğuladı ki, Azərbaycana qarşı kimlərsə xəstə ağlın nəticəsi olaraq təxribat yolunu seçsələr, yenə də peşman olacaqlar. "Dəmir yumruq" yerindədir. Həqiqətən də, cənab Prezidentin sözləri reallığı əks etdirir. 2020-ci ildə qalib gəldiyimiz dövrlə müqayisədə daha güclü orduya və silah-sursata malikik. Müqayisə üçün deyim ki, 2020-ci ildə Ermənistan ordusunu darmadağın edən ölkəmizin müdafiə büdcəsi 1,9 milyard dollar idi. Üstündən beş il sonra bu gün hərbi büdcəmiz 5 milyard dollara gəlib çatıb. Qoy Ermənistana havadarlıq edənlər özləri üçün müqayisə edib nəticə çıxarsınlar və odla oynamasınlar!” - deputat bildirib.


Geri qayıt