Əsas Səhifə > Güney Press > Gələcəyin sahibləri

Gələcəyin sahibləri


Bu gün, 06:44

Dünya dəyişib. Artıq güc yalnız ordu qurmaq, silah toplamaq və torpaq ələ keçirməklə ölçülmür. Çağımızda ən böyük güc – insanın ağlını, duyğusunu və seçimini yönləndirməkdir. Kim insanların düşüncəsini idarə edə bilirsə, kim onların duyğularını istədiyi kimi yönləndirə bilirsə, güc də, var-dövlət də onun əlində toplanır. Bu gün Batı qurduğu filmlərlə, musiqi ilə, dəbi ilə, gündəlik davranış alışqanlıqları ilə bizim duyğularımızı və seçimlərimizi idarə edir. Uşaqlarımız onların cizgi qəhrəmanlarını sevir, gənclərimiz onların musiqisinə bağlanır, qadınlarımız onların dəbinə uyğun geyinir, kişilərimiz onların markasına pul verir. Beləcə pul da, güc də bizdən çıxıb onlara gedir, biz isə onların qurduğu davranış qaydalarının içinə düşürük. Bu artıq sadə bir uyğunluq deyil, bu, insan mühəndisliyinin sonucudur. Onlar uzun illərdir ki, davranış iqtisadiyyatının bütün incəliklərini işlədərək bizim ağlımızı və duyğumuzu özlərinə yönləndirirlər.

İnsan mühəndisliyi dediyimiz anlayış sadəcə psixologiya deyil, bu toplumların düşüncə və davranışını sistemli şəkildə formalaşdırmaqdır. Davranış iqtisadiyyatı isə insanın qərarlarını yalnız ağıl və məntiqin deyil, eyni zamanda, duyğuların, sosial təzyiqlərin, reklam və gündəlik vərdişlərin necə formalaşdırdığını öyrənir. Bu gün sosial şəbəkələrdə gördüyümüz “bəyən”, “paylaş” düymələri əslində insan mühəndisliyinin sadə bir qurğusudur: insanın qəbul olunmaq, görünmək və təsdiqlənmək ehtiyacını oyadır, sonra onu asılı hala gətirir. Bizim sərvətimiz də, diqqətimiz də, vaxtımız da bu qurğuların içinə düşərək özgəyə işləyir.

Türklər tarix boyu gücün yolunu yaxşı bilmişlər. Keçmişdə biz ordular qurmuş, at minmiş, ox atmış, savaş meydanlarında ad qazanmışıq. Heyvandarlıq bizim ən güclü iqtisadi dayağımız olmuşdur. Bu bizim özəl modelimiz idi – həm sərvət, həm də özgürlük gətirirdi. O çağın davranış qaydaları belə idi: güc at üstündə və sürü içində idi. Amma çağ dəyişdi. Bu gün güc insan beynindədir, duyğuların yönləndirilməsindədir, seçimlərin idarə olunmasındadır. Dünən hər türk balası ox atmağı öyrənirdisə, bu gün hər türk balası dəyər yaratmağı öyrənməlidir. Dünən maldarlıq bizim sərvətimizin əsası idisə, bu gün yaradıcı düşüncə, duyğu yönləndirmə və dəyər quruculuğu bizim sərvətimizin özülü olmalıdır.

Çıxış yolu da buradadır. Biz ağıllı uşaqlarımızı sadəcə həkim, hüquqçu və ya maaşla işləyən bir vəzifə adamı kimi deyil, iş adamı, qurucu və dəyər yaradıcısı kimi yetişdirməliyik. Onlar gələcəkdə dünyanın ən çox gəlir gətirən alış-veriş nişanlarının yiyələri olmalı, öz ideyaları ilə sərvət və güc yaratmalıdırlar. Əgər biz bu gün uşaqlarımıza yalnız dərslikdəki bilikləri öyrədiriksə, sabah onlar özgənin qurduğu dünyaya xidmət edəcəklər. Əgər biz uşaqlarımıza yaradıcı gücü, dəyər qurma bacarığını, davranış iqtisadiyyatını anlamağı və insan mühəndisliyinin incəliklərini öyrədiriksə, sabah onlar öz dünyalarını quracaqlar.

Unutmayaq: yeni dünyanın silahı dəyərdir. Yeni dünyanın qalası kimlik və inamdır. Yeni dünyanın qalibləri isə özünü dəyərə çevirənlərdir. Kim özgənin dəyərinə uduzursa məğlubdur, kim öz dəyərini qurursa qalibdir. Türk milləti tarix boyu gücün önəmini yaxşı bilib. İndi zaman gəlib ki, biz gücün yeni yolunu – dəyər yaratmağı milli hədəf edək. Bu sadəcə iqtisadi məsələ deyil, bu, var olmaq və gələcəyə sahib çıxmaq yoludur.

Müəllif: Eltən Törəçi

Müəllif: Ayna.az


Geri qayıt