Azərbaycan Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanan sülh bəyannaməsindən sonra milli təhlükəsizlik və texnologiya sahəsində ABŞ ilə daha sıx əlaqələr qurmağa çalışır.
Reyting.az xəbər verir ki, bu barədə “Axios” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur ki, Azərbaycan Vaşinqtonun iki əsas rəqibi olan Rusiya və İranın arasında sıxışıb qalıb: “O, həm də əsas neft və qaz ixracatçısıdır, həm də yaxşı təchiz olunmuş orduya malikdir”.
Nəşr yazır ki, Azərbaycanın Amerika ilə əməkdaşlıq tarixi var, o cümlədən terrorla qlobal müharibə zamanı uçuş və yanacaqdoldurma dayanacaqları təmin etmək baxımından: “Lakin Azərbaycanın ABŞ-da güclü diasporu olan Ermənistanla uzun müddət davam edən münaqişəsi Birləşmiş Ştatlarla münasibətləri tarixində pis iz qoyub”.
Azərbaycan səfiri Xəzər İbrahim “Axios”-a verdiyi müsahibədə bildirib ki, onun hökuməti indi "işçi qrupları yaratmaq və bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün işləyəcək: iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiya, süni intellekt sahəsində.
Səfir deyib: “Gəlin yeni səhifəyə keçək. Təkcə Ermənistan-Azərbaycan münasibətləri üçün deyil, həm də Azərbaycan-Amerika münasibətləri üçün birlikdə çalışaq”.
Xəzər İbrahim sülh prosesinin irəliləməsinə görə prezident Trampa borclu olduğunu bildirib və deyib ki, o, “101 faiz” Nobel Sülh Mükafatına layiqdir.
X. İbrahim əlavə edib ki, başqalarının 30 ildən çox müddət ərzində edə bilmədiyi işi D. Tramp təxminən altı ayda bacardı.
Səfir, həmçinin Ağ evin xüsusi elçisi Stiv Uitkoffa təşəkkürünü bildirib, “onun rolunu görməmək olmaz”,- deyib.
“İstənilən danışıqlarda, xüsusən də çox çətin sülh danışıqlarında çox güclü dünya liderinin çox güclü siyasi iradəsinin olması həmişə vacibdir, - deyə İbrahim bildirib. – Bu dəfə əldə etdiyimiz budur".
ABŞ rəsmilərindən biri “Axios”-a deyib ki, Tramp administrasiyasının rəğbətini qazanmaq Azərbaycanın sülh sazişini imzalamaq üçün əsas motivasiyası kimi görünür.
Geri qayıt
|