Əsas Səhifə > Güney Press > Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR?

Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR?


Bu gün, 17:40

Azərbaycan parlamentində “millət vəkili” adını daşıyan, amma illərlə nə danışan, nə də cəmiyyətin gündəminə adekvat reaksiya verən deputatlar az deyil. Onlar nə mediaya açıqlama verirlər, nə də xalqın dərdini dilə gətirirlər. Sadəcə, adları siyahılarda var, kresloları tutulub və hər seçkidə yenidən “seçilərək” mandatlarını möhkəmləndirirlər.

Həmin susqunlar içində ən diqqətçəkən fiqurlardan biri də Mixail Zabelindir. Artıq 7-ci dəfə mandat sahibi olan Zabelin düz 20 ildir ki, parlament kreslosunu boşaltmaq niyyətində deyil. Amma bu 20 ildə hansısa mövzu ilə bağlı dişə-dəyən, xalqın maraqlarını müdafiə edən açıqlamasını eşidən olmayıb. Arabir Rusiyanı tərifləyən açıqlamalarını çıxmaq şərtilə, Zabelinin adı ölkə ictimaiyyətinin yadında qalmır. Ən azı, böyük faciə doğuran AZAL təyyarə qəzası zamanı hər bir azərbaycanlı hadisəyə münasibət bildirərkən, 80 yaşlı “millət vəkilimiz”in susması onun hansı mövqedə dayandığını bir daha ortaya qoydu.

Bu gün parlamentin bir hissəsi gənc deputatların sosial şəbəkələrdə fotomodellik etməsi ilə, digər hissəsi isə “qoca qurdların” 5 il ərzində bir dəfə də olsun danışmaması ilə yadda qalır. Mixail Zabelin isə bu iki kateqoriyanın arasında deyil – o, sadəcə “mövcuddur”. Nə danışır, nə etiraz edir, nə də xalqın problemlərinə toxunur.

Cəmiyyət arasında haqlı olaraq, belə bir sual yaranır: Əgər 20 ildir bir deputatın cəmiyyətə faydası görünmürsə, onun mandatı niyə uzadılır? Bu mandat xalqın, yoxsa başqa maraq qruplarının işinə yarayır?

Azərbaycanda Rusiyanın təsir şəbəkəsi – “beşinci kolon” haqqında mətbuatda dəfələrlə yazılıb. Bu məsələdə Nəcməddin Sadıkovdan tutmuş, Ramiz Mehdiyevə qədər çoxsaylı adlar gündəmə gəlib. Amma bir həqiqət var ki, xalqın seçdiyi deputat xalqın sözünü deməlidir. Əgər bir millət vəkili 20 il ərzində xalqdan çox Rusiyanın xeyrinə danışırsa, bu artıq sadəcə “susqunluq” deyil, siyasi mövqe məsələsidir. Görünən kənd isə bələdçi istəmir…

Yenicag.az


Geri qayıt