Əsas Səhifə > Güney Press / Partiya > "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı"
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı"Bu gün, 11:23 |
“Güman olunduğu kimi, Trampla Putinin Alyaska görüşü rəsmən elan olunmuş əsas məqsədinə çatmadı - Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilmədi”. “Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, prezidentlərin hər ikisi müəyyən irəliləyişlərin əldə olunduğunu qeyd etsələr də, bu irəliləyişlərin nədən ibarət olduğu aydın deyil: “Görüşdən sonra verilən açıqlamalarda əsas məsələ kimi təqdim olunan atəşkəslə bağlı hər hansı fikrin səsləndirilməməsi, ABŞ prezidenti Trampın “əsas məsələlər üzrə Rusiya ilə razılaşma yoxdur” sözləri də danışıqların nəticəsiz bitməsinin göstəricisi hesab olunmalıdır. Putinin dediyi “Ukrayna münaqişəsinin həlli üçün bütün əsas səbəblər aradan qaldırılmalıdır. Rusiya ilə bağlı bütün qanuni narahatlıqlar nəzərə alınmalı, Avropada və ümumilikdə dünyada ədalətli təhlükəsizlik balansı bərpa edilməlidir” fikri diqqəti cəlb edir. Əsas səbəblər dedikdə, nələrin nəzərdə tutulduğu barədə müxtəlif şərhlər irəli sürmək olar. Bu şərhlərdən biri də bundan ibarət ola bilər ki, Rusiyanın Ukraynaya təcavüzü və müharibənin başlanması daha çox geosiyasi amillərlə - ilk növbədə NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədardır. Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün geosiyasi maraqlarına və milli təhlükəsizliyinə təhdid hesab edir və işğal olunmuş Ukrayna ərazisindən təhlükəsizlik zolağı kimi istifadə etmək istəyir. Ukraynanın və dünyanın ABŞ və Rusiya arasında bölüşdürülməsi faktiki baş tutmasa da, Trampın dediyi “biz tam anlaşmaya nail ola bilmədik, razılaşma yoxdur, amma buna çatmaq üçün şansımız var” sözləri prezidentlərin bu məsələyə sonradan bir daha qayıda biləcəklərinə işarə kimi qiymətləndirilə bilər”. Politoloq qeyd edib ki, yaxşı ki, bu bölüşdürülmə baş tutmadı: “Əks halda Ukrayna öz ərazilərinin bir hissəsini həmişəlik itirərdı. Digər postsovet ölkələrinin milli təhlükəsizliyi üçün də Rusiya tərəfindən ciddi təhdidlər yaranardı. Lakin bu görüşün tamamilə nəticəsiz bitdiyini demək olmaz. ABŞ ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Arktikanın təbii sərvətlərindən birgə istifadə məsələləri barədə müəyyən fikirlərin səsləndirilməsi görüşdə hər 2 dövlətin iqtisadi və kommersiya maraqlarına üstünlük verməsinin və bu barədə şifahi razılaşmaların olmasının göstəricisi kimi qəbul oluna bilər. Görüşün ümumi nəticələrinə görə Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini öz simasında göstərdiyini deyən ekspertlər haqlıdırlar. Putin ən azı Qərb ölkələrinin neçə illərdir davam edən izolyasiyasından çıxdı. Trampın vəd etdiyi sərt sanksiyalar Putini qorxutmadı. Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı”. Geri qayıt |