Əsas Səhifə > Güney Press > Vardanyandan Azərbaycana barışıq təklifi
Vardanyandan Azərbaycana barışıq təklifiBu gün, 14:40 |
Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin Ağ Evdə paraflanması, ardınca imzalanan Birgə Bəyannamə erməni radikal-revanşistlərin ciddi cəhdlərinə rəğmən, qonşu ölkədə kütləvi etiraz doğurmadı. Deməli, Paşinyan hökuməti doğru yoldadır. Qalır sənədin imzalanması önündə axırıncı əngəli də götürmək – konstitusiya dəyişikliyinə getmək. “Sülh sazişinin paraflanması və ABŞ-də bu istiqamət üzrə ikitərəfli sazişin imzalanması Ermənistan tarixində yeni səhifə açır, burada köhnə qorxular real imkanlarla əvəzlənir”. Bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının rəsmi nümayəndəsi Kristina Vardanyan deyib. Bununla o, Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq hərbi təhdidlərin aradan qalxdığını, iqtisadi-ticari və digər əlaqələrə yer açıldığını söyləyib. Daha sonra o, Ermənistanda Ağ Evdəki razılaşmaya qarşı çıxanlara xitabən bildirib: “Kağız üzərindəki imzalar yerdə nəhəng bir işə çevrilməlidir ki, bu işdə hamımız iştirak etməyə borcluyuq. Maarifləndirmək, inkişaf etmək vaxtıdır. Boş söhbət və pafosa aramızda bir daha yer olmamalıdır. Bu, yazılan yeni bir tarixdir və biz ağ vərəqdəki dəst-xətti qarşımıza qoyacağıq. Nəsillərimizin uzunömürlü və firavan yaşaması həmin dəst-xətdən asılı olacaq” (Teleqraf). Hakim partiya təmsilçisi həmçinin öz soydaşlarına bir daha səslənib: “Bizim xalq olaraq köhnəlmiş, yalançı ritorikadan əl çəkməyimizin vaxtıdır. “Türklər gəldi”, “bizi satdılar”, “bizə xəyanət etdilər” və bu kimi boş sözlər artıq narahatlığın yox, şəxsi məlumatsızlığın və keçmişdə ilişib qalmağın sübutudur”. İlk baxışda normal, praqmatik bir yanaşmadır. Amma çox təəssüf ki, hazırda erməni toplumunda dominant deyil... Qeyd edək ki, paraflanmış sülh sazişi mətnindəki maddələrdən birində (VIII maddə) deyilir ki, tərəflər dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyir və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər. Göründüyü kimi, bütünlüklə monoetnik Ermənistana, erməni toplumuna dəxli olan, ən əvvəl onları düşünməli olduğu məsələlərdir. Bizim terrorçuluqla, ekstremizmlə, separatizmlə, irqi ayrı-seçkiliklə nə işimiz? Azərbaycanlılar bineyi-qədimdən tolerant, sülhpərvər, rəhimli xalq olub, indi də elədir... Bütün hallarda barışıq öncəliklə qarşılıqlı etimad mühitini yaratmaqdan keçir. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzəyan telefon danışığı zamanı bu barədə də müzakirə aparıblar. Normaldır. Təqdiredicidir. Əfsus ki, iki xalq arasında düşmənçiliyi sonlandırmaq problem olaraq qalır. Hətta yekun sülh müqaviləsi imzalansa belə, ermənilərlə barışığımız tezliklə mümkün görünmür. Zira, ortada böyük nifrət, inamsızlıq var. Məsələ ondadır ki, ermənilər xalq olaraq “mitasum”a, uydurma soyqırımına əsaslanan xəstə təfəkkürdən qurtulmayınca sülh müqaviləsinin, iki xalq arasında barışıq cəhdlərinin də təsiri az olacaq. Çünki bir müddət sonra “xəstəlik” təzədən “residiv” verəcək. Bunun bir daha yaşanmaması üçün isə çox vacibdir ki, heç olmasa, bundan sonra gənc erməni beyinləri zəhərlənməsin, orta məktəbin tarix dərsliklərindən Türkə nifrəti körükləyın bütün materiallar, iftira və yalanlar çıxarılsın, ümumən saxta qəhrəmanlıq tarixindın imtina olunsun... İkincisi, çox önəmlidir ki, Türkə nifrətin hələ də güclü olduğu erməni cəmiyyətində bir ictimai peşmançılıq ovqatı yaransın. Ən azından xalqımıza qarşı, dinc əhaliyə qarşı törətdikləri soyqırımlarına, etnik təmizləmələrə, mədəni-tarixi-dini irsimizə qarşı vandallıq hərəkətlərinə görə. Bu xüsusda yerli medianın, TV-nin üzərinə böyük məsuliyyət və yük düşür. Yalnız bu fonda xalq diplomatiyası, ziyalı təmasları müsbət nəticə verə, revanşist-radikalların səsi eşidilməz ola bilər. Çətindir, lakin mümkündür. Əks halda normal qonşuluq əlaqələri olmayacaq. Diplomatik münasibətlər qurulsa, sərhədlər və səfirliklər açılsa belə... Geri qayıt |