Əsas Səhifə > Güney Press > “Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur”

“Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur”


Bu gün, 10:11

“Təsəvvür edin ki, yaxşı aranjiman olunmuş bir uşaq mahnısını radio və televiziyalarda təbliğ edirlər. İnsanlar da bunu ciddi bir musiqi kimi qəbul edib, rəqs edirlər, mənimsəyirlər, əzbərləyirlər. Bəla burasındadır ki, bu bayağı mahnını Azərbaycanın xalq artisti oxuyur. Buna da heç nə demək olmur. Baxırsan ki, normal haldır. Çünki uşaq mahnıları səviyyəsində bir mahnını professional mahnı kimi təqdim edirlər. Ən böyük bəla da bundadır ki, xalq artistinin musiqi savadı, təhsili yoxdur. İnsanlara da nə verirsən onu da qəbul edirlər. Müəllimin, sürücünün, mühəndisin də vaxtı yoxdur ki, araşdırsınlar ki, bu hansı mahnıdır? Bəla burdan gəlir. Bu bəla artıq bizim canımıza, qanımıza sirayət edib”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Amerikada yaşayıb, orada fəaliyyət göstərən Elariz Məmmədoğlu deyib. O daha sonra əlavə edib:
“Mən 10 yaşımdan musiqi məktəbinə gedib not və harmoniya öyrənmişəm. Salfeyco, pianino, tar dərsləri aldım. Artıq 5 ildən sonra mən notlara baxıb pianinonu ifa edirdim. Eyni zamanda da xor dərsinə gedirdim. Sonradan məni xora solist kimi götürdülər. Fərdi şəkildə vokal dərslərinə getdim, sonra universitetdə aktyor və rejissor ixtisasına yiyələndim. Bunları mənimsəyəndən sonra səhnəyə çıxdım. İndi baxın görün səhnədə kimlər var? Mən onların adını çəkmək istəmirəm. Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm. Amma xalq artisti, savadsız, biliksiz, musiqidən xəbəri olmayan bir adam bəsit mahnını ifa edir və xalq da bunu qəbul edir. Mənim kimi profesionallar artıq bu adama nəsə irad tuta bilmir. Hər bir addımda onu qoruyan televiziya, radio və fəxri adı var. Mən necə deyim ki, onu dinləməyin, sizin zövqünüz korlanır? Bu məsələdə professional bəstəkarlar da acizdir. Bizim Eldar Mansurov, Vaqif Gərayzadə, Cavanşir Quliyev, Faiq Sücəddinov, Elçin İmanov, Rauf Məmmədov, Sevda Məmmədli kimi bəstəkarlarımız var. Onlar da artıq heç nə edə bilmirlər. Sevinc Tofiqqızı da yaxşı mahnılar yazır. Elə bil ki, bizim millətin Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Tofiq Quliyevi, Rauf Hacıyevi, Arif Məlikovu, Cahangir Cahangirovu, Oqtay Kazımisi olmayıb?! Azərbaycan musiqisi görün nə səviyyəyə gəlib çatıb. Mən bəlanı əlbəttə ki, savadsızlıqda görürəm. Savadlı insan səhnəyə çıxıb savadlı mahnılar oxuyur. Savadlı bəstəkar da həmçinin savadlı mahnılar bəstələyir. Müasir musiqi savada bağlıdır. Yetişən nəsil də baxır öndə gedən müğənnilərə. Görür ki, savadı yoxdur, xalq artistidir, hörmətli-izzətli televiziya və radiolara çıxır. O da fikirləşir ki, mən niyə vaxt sərf edim not, harmoniya öyrənim? Nəyimə lazımdır! O da 2 notdan ibarət 2 mahnı öyrənir. Ona görə də yetişən gənc nəsil professionallaşmır. Hamı kimi onun da işi gedir. Mənim aldığım savad bu gün sənətdə çox köməyimə çatır. Mən də qoşulardım elə o müğənnilərə, onlardan biri olardım da. Amma yox, hərhalda bu sənətdə bu gün Flora Kərimova, Elmira Rəhimova, Akif İslamzadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, gənclərdən Röya, Natavan var. Rəşid Behbudov, İlhamə Quliyeva, Oqtay Ağayev, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Anatollu Qəniyev, Gülağa Məmmədov kimi sənətkarlar olub. İnşallah ki, savadlı insanlar çox olar”, - deyə müğənni bildirib.

Geri qayıt