Əsas Səhifə > Güney Press > Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır
Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanırBu gün, 12:30 |
“Vaşinqton görüşü və əldə olunan razılaşma, əlbəttə ki, bütün istiqamətlərdə böyük imkanlar yaratması baxımından tarixi əhəmiyyətə malikdir”. Bu sözləri Globalinfo.az-a açıqlamasında israilli tarixçi və politoloq Avraham Şmuleviç deyib. “Aydındır ki, bu Vaşinqton görüşü, bu memorandum bir sıra dəyişikliklərin əsasını qoydu. Amma bu dəyişikliklərin necə baş verəcəyi və nə ilə nəticələnəcəyi hələlik müəyyənləşdirilməyib. Arxayın olmaq üçün hələ tezdir. Bu dəyişikliklər ilk növbədə, təbii ki, Rusiyanın Cənubi Qafqazdan çıxması, Rusiya imperiyasının süqutunun yeni mərhələsinin başlanğıcı ilə bağlıdır. Mən uzun illərdir yazıram ki, Rusiya imperiyasının süqutu əsasən Rusiyanın cənubunda, Qafqazda başlayıb. Və vətəndaş müharibəsinin tarixini kim bilirsə, deyər ki, Sovet İttifaqının dağılması da Cənubi Qafqazdan başlayıb. İndi də elə Qafqazda Rusiya imperiyasının süqutunun yeni mərhələsi başlayacaq ki, biz artıq bunu görürük. İndi Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır, lakin bu, o demək deyil ki, oradan çıxmaq istəyəcək. Necə ki, 1917-ci və 1991-ci illərdə Rusiya imperiyasının süqutunun ilk iki mərhələsində Rusiya Cənubi Qafqazı və Şimali Qafqazı qeyri-sabit zonaya, müharibə zonasına çevirmək, bölgəni alovlandırıb yandırmaq üçün hər şeyi etmişdi, çox güman ki, indi də elə edəcək”. A.Şmuleviç deyib ki, məlumatlara görə, Kremldə çaşqınlıq var: “Onlar hələ nə edəcəklərini bilmirlər və ciddi zərbə aldıqlarını başa düşürlər, lakin bu çaşqınlıq uzun sürməyəcək. Rusiya əvvəlki idarəçilik üsuluna, yəni nəzarəti ələ keçirməyin özünəməxsus üsuluna, qeyri-sabitlik yaratmaq üsuluna qayıdacaq. Üstəlik, Rusiyanın Azərbaycana, xüsusən də Ermənistana təsir rıçaqları hələ də var. Siz bunu çox yaxşı bilirsiniz. Diasporalar, iqtisadi əlaqələr və s. Düşünürəm ki, bu rıçaqlardan istifadə olunacaq. Bundan əlavə, Şimali Qafqaz regionu tarixən Cənubi Qafqazla bağlıdır. Rusiya Cənubi Qafqazı tərk edəndə sakit oturmayacaq, əvvəlki qüdrətini qaytarmaq üçün hərəkətə keçəcək. Azərbaycan vəziyyətin gərginləşməsinə hazır olmalıdır”. Onun sözlərinə görə, artıq vəziyyət qismən gərginləşib: “Rusiyanın iqtisadi əlaqələr və diasporadan başqa hansı təsir rıçaqları var? Bu, Rusiyanın yaxın müttəfiqi olan İrandır. Bəli, Rusiya İsraillə müharibə zamanı İrana kömək etmədi, sadəcə olaraq, buna imkanı yox idi. Rusiya, xüsusən də Amerika müharibəyə qoşulanda İrana müəyyən köməklik göstərsə də, bu müharibəyə girə bilmədi. Amma buna baxmayaraq, onlar yaxın müttəfiqdirlər. İran indi bəyanat verib. Bu, çox güman ki, İranın nöqteyi-nəzərində sabitliyin pozulması hesab edilir. Rusiyanın ikinci etmək istəyəcəyi şey Ermənistanda sabitliyi pozmaq və Paşinyanı yenisi ilə əvəz etməkdir. Hansı ki, bu qüvvələr, hansısa yolla hələ də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, bu ölkələr arasında mövcud olan çoxdankı düşmənçiliyə son qoymaq haqqında düşünürlər. Qarabağın işğaldan azad edilməsi, dediyimiz kimi, buna yol açdı. Ola bilsin ki, Ermənistanın özündə və ya Rusiya Federasiyasında müəyyən erməni qüvvələri tərəfindən hansısa təxribatlar olacaq. Rusiya hakimiyyət orqanlarının nəzarət etdiyi böyük erməni diasporu var. Eləcə də xaricdəki ermənilər tərəfindən hansısa təxribatlar ola bilər. Bəlkə də bu prosesi pozmaq üçün Türkiyə və Azərbaycana qarşı yönəlmiş terror aktları baş verə bilər ki, sonra Rusiya həmişə olduğu kimi vasitəçi qismində çıxış etsin. Rusiya əvvəlcə hansısa konflikti yaradır, onu alovlandırır, elə qondarma “Dağlıq Qarabağ”da olduğu kimi, sonra da vasitəçi rolunda çıxış edir, gəlib deyir, “məsələni həll edək”. Yəni bu, tipik quldur yanaşmasıdır. Onun bunu edəcəyi tamamilə mümkündür”. A.Şmuleviç qeyd edib ki, münaqişədə bu, narahatedici məqamlardan biridir: “Amma ümid edirik ki, ABŞ-ın mövqeyi kifayət qədər davamlı olacaq. Bu asan deyil. Bunun üçün ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsi, regionu və ona olan marağını dəstəkləməsi, ABŞ-ın özündə lobbiçilik fəaliyyətinin olması lazımdır. İsrail bu sahədə yüksək təcrübəyə malikdir. Amerikan ictimaiyyətinin geosiyasət sahəsində çalışanlarına çatdırmaq lazımdır ki, bu regionda sabitlik onların marağındadır və Azərbaycanın regiondakı maraqları Ermənistanın maraqları ilə üst-üstə düşür. İsrail bu sahədə çox yaxşı texnologiya işləyib hazırlayıb. Azərbaycan da ABŞ-ın regionun sabitliyində maraqlı olması, yəni münaqişənin sülh yolu ilə həllinə nail olmaqda maraqlı olması üçün bu texnologiya üzərində işləməlidir. Bu, mənim gördüyüm əsas təhlükədir. İstənilən halda, bu hadisə tarixi əhəmiyyətlidir. Yeni imkanlar açılıb və ümid edək ki, bu imkanlardan istifadə ediləcək”. Geri qayıt |