
“Avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşəcəyi gözlənilir. Alyaskanın bir zamanlar Rusiya imperiyasına aid olmasını, daha sonra ABŞ-yə satılmasını nəzərə alanda görüş yerinin məhz bura seçilməsinin müəyyən bir anlam daşıdığı qənaəti yaranır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Siyasi təhlilçi avqustun 15-də Alyaska ştatında keçirilməsi planlaşdırılan Putin-Tramp görüşü ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, son proseslərdən sonra Moskva və Vaşinqton əməkdaşlıq edə biləcəklərini nümayiş etdirdilər:
“Rusiya bu görüşdə daha çox maraqlıdır və ikili sanksiyalardan yayınmağa çalışır. Moskvada çox yaxşı bilirlər ki, Rusiyaya qarşı daha sərt mövqe tutması üçün Trampa təzyiqlər hər ötən gün artır və Ağ Ev sahibinin bu təzyiqlərə davam gətirməsi hər ötən gün çətinləşir. Digər tərəfdən, Konqresdəki çoxluğa malik Respublikaçılar da Trampın Rusiyaya qarşı qətiyyətsiz siyasətinin onların əleyhinə işlədiyinin fərqindədirlər. Buna görə Respublikaçılar da Trampa təzyiq göstərirlər”.
X. Cəfərliyə görə, bununla yanaşı, ABŞ-nin müttəfiqlərinin də Tramp administrasiyasına təzyiqləri artır:
“Belə bir vəziyyətdə Rusiya vaxt qazanmağa və təzyiqlərdən yayınmağa çalışır. Bu vəzifənin həyata keçirilməsi üçün də ən yaxşı yol danışıqlara hazır olduğu təəssüratını yaratmaqdır. Bununla Trampın manevr etməsinə imkan yaratmış da olurlar. Bütövlükdə bu görüşün Ukraynadakı müharibənin dayandırılmasına ciddi təsir etməyəcəyi qənaətindəyəm. Müharibəyə son qoymaq, həqiqi sülh danışıqlarına başlamaq üçün əlverişli şərait hələ yaranmayıb. Amma bu görüş Rusiyanı da müəyyən bir nəzarət altında saxlamaq baxımından da əlverişli olduğu üçün bir müddət belə görüşlər aktual olaraq qalacaq”.
Geri qayıt
|