Əsas Səhifə > Güney Press > Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi
Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildiBu gün, 10:33 |
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zabil Qurbanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət verib. O, vəsatətində göstərib ki, cinayət işini materiallarından birinci instansiya məhkəməsində işə baxılarkən CPM-in 391.8.6-ci maddəsinin tələblərinin kobud şəkildə pozulduğu məlum olub. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib, Ağstafa Rayon Məhkəməsinin hökmü ləğv edilib. Cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməyib. İttihama görə, hadisə 2024-cü ildə Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Şamlıq” restoranının həyətində qeydə alınıb. Belə ki, Zabil Qurbanov həmin restoranda müştəri qismində olan tanışı, zərərçəkmiş Mahir İbadova (adı, soyadı şərtidir) yüksək səslə qulaq asdığı musiqinin səsinin azaldılmasını tələb edib. Zərərçəkmiş isə musiqinin səsini azaltmayacağını bildirib, onun ünvanına nalayiq söyüşlər söyüb. Sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Nəticədə Zabil Mahirlə əlbəyaxa olub, əvvəlcə təpiklə onun sinəsindən vurub. Zərbənin təsirindən Mahir yerə yıxılıb. Daha sonra isə təqsirləndirilən şəxs təpik və yumruqla zərərçəkmişin bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Bu zaman Zabil Mahirin ona nalayiq söyüşlər söyməkdə davam etdiyini görüb stolun üstündən götürdüyü şüşə bakal ilə onun baş nahiyəsinə 2 dəfə vuraraq zərərçəkmişə bədən xəsarətləri yetirib. Hadisədən sonra Zabil Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Ağstafa Rayon Məhkəməsinin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. Geri qayıt |