Əsas Səhifə > Güney Press > Vaşinqtonda sülh üçün tarixi görüş:

Vaşinqtonda sülh üçün tarixi görüş:


Bu gün, 12:52

Bu gün Vaşinqtonda Cənubi Qafqaz üçün tarixi görüş keçiriləcək. Belə ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Daha sonra liderlərin üçtərəfli bəyanat verəcəyi, sülh sazişi sənədinin imzalanacağı gözlənilir.

Tramp sosial şəbəkə hesabında yazıb ki, avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirini “tarixi sülh sammitində” qəbul edəcək: "Mən Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir, nəticədə minlərlə insan həyatını itirib. Bir çox liderlər müharibəyə son qoymağa çalışıblar, lakin indiyədək uğursuz olublar. ‘Administrasiyam uzun müddətdir hər iki tərəflə əlaqə saxlayır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə rəsmi Sülh Sazişinin imzalanma mərasimində iştirak edəcəklər. Amerika Birləşmiş Ştatları həmçinin hər iki ölkə ilə ikitərəfli razılaşmalar imzalayacaq ki, birlikdə iqtisadi imkanları inkişaf etdirək və beləliklə, Cənubi Qafqaz regionunun potensialını tam şəkildə aça bilək. Mən bu cəsarətli liderlərlə qürur duyuram ki, onlar Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün addım atırlar”.

Amerika lideri bu günü “Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün” adlandırıb.

Ağ Ev Əliyev və Paşinyanla ikitərəfli və üçtərəfli görüşlərin proqramını artıq açıqlayıb. Bildirilib ki, ABŞ Prezidenti cümə günü Ağ Evdə Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti ilə ayrı-ayrılıqda görüşəcək, ardından isə üçtərəfli imzalanma mərasimi keçiriləcək. Bu barədə jurnalist Ələkbər Raufoğlu öz sosial şəbəkə hesabında yazıb.

Ağ Evin açıqladığı cədvələ görə, Tramp saat 14:30-da (ABŞ vaxtı ilə) Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.

Saat 15:10-da Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.

Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.

“The Washington Post”un dünən mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər sülh sazişini elan edə bilər. Nəşr qeyd edir ki, Vaşinqton uzun müddətdir davam edən münaqişənin nizamlanmasına nail olmağa çalışır.

“Tramp uzun müddətdir ki, davam edən münaqişə vəziyyətində iki ölkə arasında sülh razılaşmasına nail olmaq istəyən Azərbaycan və Ermənistan liderlərini cümə günü Ağ Evdə qəbul edəcək və ola bilsin ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişi elan olunsun”, - qeyd olunub.

Bundan əvvəl Ermənistan hakimiyyəti sazişin ABŞ-da mümkün imzalanması ilə bağlı məlumatları təkzib etməyib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, sazişin mətni artıq razılaşdırılıb, lakin imzalanma yeri və vaxtının müzakirəsi tələb olunur.

Bakı sərhəddə atəşkəs və Ermənistanda konstitusiya dəyişiklikləri də daxil olmaqla şərtləri yerinə yetirməkdə israrlıdır. Azərbaycan da ATƏT-in Minsk Qrupunun de-yure buraxılmasını tələb edir. İrəvan Bakının iddialarını rədd edir, lakin Paşinyan sülh prosesi ilə paralel olaraq konstitusiya islahatlarına və Minsk Qrupunun taleyi ilə bağlı müzakirələri mümkün sayır.

Bu arada, İlham Əliyev qeyd edib ki, Bakı ilə İrəvan arasında danışıqlar yekun mərhələdədir və tərəflər tarixi atəşkəs sazişi bağlamağa yaxındırlar. O həmçinin vurğulayıb ki, Bakı hələ də İrəvandan iki şərti yerinə yetirməyi tələb edir.

Amerikadakı tarixi sammiti və nəticələrini AYNA.AZ-a müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu günkü görüşdən sonra ortaq bəyanatın qəbul olunması, çərçivə sazişinin imzalanması variantı var:

- Ən yaxşı halda sülh sazişinin imzalanması variantıdır. Amma Vaşinqtonda sülh sazişinin imzalanması ehtimalı azdır. Çünki Azərbaycanın iki tələbi hələ yerinə yetirilməyib. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bəndin çıxarılması və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi ilə bağlı birgə müraciətin edilməsi lazımdır. Aydındır ki, Ermənistan tərəfi Bakının ikinci tələbini yerinə yetirməyə hazırdır. Baş nazir Paşinyan deyir ki, sülh sazişi imzalandığı gün Minsk Qrupundan imtina edə bilərlər. Əslində Paşinyan Ermənistan Konstitusiyasında dəyişikliyin də zəruri olduğunu deyir. Sadəcə bildirir ki, parlament seçkilərindən sonra referendum keçirilə bilər.

Azərbaycan tələsmir. Biz ərazi bütövlüyünü təmin etmişik, münaqişə faktiki olaraq bitib. İndi top Ermənistan tərəfdədir. Ermənistan Bakının şərtlərini yerinə yetirməyibsə, Vaşinqtonda sülh sazişinin imzalanması problematikdir.

- Amma Tramp səviyyəsində sənədin imzalanacağı elan edilib...

- Əlbəttə, sənəd imzalanacaq. Gözlənilir ki, birgə bəyanat verilsin. Amma şərtlər yerinə yetirilməyibsə, fundamental sənədə imza atılması o qədər də inandırıcı görünmür.

Məsələnin başqa tərəfinə baxmaq lazımdır: niyə məhz Vaşinqtonda görüş keçirilir və niyə Tramp bu təşəbbüsü irtəli sürüb. Tramp hakimiyyətə gələndə bir neçə vəd vermişdi. Məsələn, Ukrayna müharibəsini dayandıracağını, Yaxın Şərqdə sülhə nail olacağını demişdi. Vədlərə baxmayaraq, bunlar həyata keçmədi. İndi Trampın başqa uğur hekayəsinə ehtiyacı var. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində indiyədək əldə olunanlar birbaşa danışıqların nəticəsidir. İndi vəziyyət elədir ki, həm Bakı, həm də İrəvan Tramp adminstrasiyası ilə sıx əlaqələr qurmaq istəyir. Ona görə də Trampın təşəbbüsünə tərəflər “yox” deməyiblər. Təbii ki, ola bilsin niyyət protokolu imzalansın. Bu da gələcəkdə sülh sazişinin imzalanması yolunda önəmli addım sayıla bilər.

Bununla yanaşı, ortaq bəyanat qəbul oluna bilər ki, orada da məsələn, göstərilər ki, sülh sazişi filan tarixədək imzalansın, Zəngəzur dəhlizi filan vaxt açılsın və s. Həmin sənəddə müxtəlif məsələlərlə bağlı bəndlər qəbul edilə bilər.

- Məlumdur ki, Təkcə Bakı və İrəvanın diqqəti Vaşinqton görüşündə deyil, həmçinmin Moskva və Tehran da diqqəti Amerikaya yönəldib. Rusiya və İranın məsələyə reaksiyası necədir, necə ola bilər?

- Əlbəttə ki, Moskva və Tehrandakı dairələr də gözləyirlər ki, görəsən Vaşinqtonda nə imzalanacaq, bu görüş Amerikanın Cənubi Qafqazda rolunu necə artıracaq?! Məsələ burasındadır ki, Rusiya və İranın yanlış siyasəti nəticəsində Amerikanın bölgədə nüfuzu artmaqdadır. Rusiya və İrandakı şovinist dairələr Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla münasibətləri korladılar. İndi ABŞ-ın fürsəti var ki, doğru siyasət həyata keçirməklə regionda möhkəmlənsin. Bəli, ABŞ-ın siyasəti ilə bağlı da bizim suallarımız var, amma Rusiya və İranla bağlı suallarımız daha çoxdur. Hesab edirəm ki, bu günkü görüş və nəticələri Cənubi Qafqazda yeni dönəmin başlanğıcının əsasını qoya bilər.


Geri qayıt