Sabiq millət vəkili Etibar Əliyev bu dəfə yazıçıları tənqid edib. O, sosial şəbəkə hesabında yazaraq bildirib ki, görünür bəzi qələm sahibləri Dantenin məşhur “İlahi komediya” əsərini oxuyub anlaya bilməyiblər.
Mövzu ilə bağlı Bizim.Media əməkdaşı sabiq deputatın özü ilə əlaqə saxlayıb. Etibar Əliyev bildirib ki, onun fikirləri daha çox akademik camiəyə ünvanlanıb:
“Bizim gül kimi mentalitetimiz var. Sənət və elm sahəsində çalışan istedadlı insanlar bir-biri ilə həmrəy olmalıdır. Bu şəxslər cəmiyyətə nümunə göstərməlidir. Ən əsası da gənclərə... Ancaq bu gün ortada olan mənzərə fərqlidir”.
O, yazıçılar arasında uzun illərdir mövcud olan narazılıqlara toxunaraq Əkrəm Əylisli ilə Anar Rzayev, eləcə də yaxın günlərdə dünyasını dəyişən Elçin Əfəndiyev arasındakı münasibətlərə diqqət çəkib:
“Əkrəmlə Anar arasındakı küskünlük çoxdan vardı. Anar isə əsəri əvvəlcə tənqidçilərə təqdim etməli idi, bu, bütün dünyada tətbiq edilən bir praktikadır. Üstəlik, ölkəmizdə peşəkar tənqidçi çox azdır.
Elçin Əfəndiyev və Əkrəm Əylisli arasındakı problem də bir əsərlə bağlı idi. Elçin bəlkə də hiss edirdi ki, ömrünün sonuna yaxınlaşır və buna görə Əkrəmlə barışmağa üstünlük verdi”.
Etibar Əliyev yazıçıların bir qismini vəzifəpərəstlikdə də günahlandırıb:
“Təəssüf ki, yazıçıların bir çoxu vəzifə dalınca qaçır. Amma dünyada, məsələn, Amerikada heç bir Nobel mükafatçısı vəzifə axtarmır. Onlar elmini, yaradıcılığını heç vaxt qurban vermir”.
Sabiq deputat yazıçıların şəxsi intriqalarının oxucuya da mənfi təsir etdiyini vurğulayıb:
“Yazıçılar arasında belə konfliktlər yolverilməzdir. Bu cür davranışlar oxucunu da uzaqlaşdırır. Cəmiyyətə nümunə olmalı şəxslər bir-birini incitmək əvəzinə həmrəylik nümayiş etdirməlidir”.
Geri qayıt
|