Əsas Səhifə > Güney Press > “Azərbaycan – Şimali İran deyil!”

“Azərbaycan – Şimali İran deyil!”


Bu gün, 09:03

Azərbaycanla İran arasında yeni diplomatik böhran yaşanır.

Musavat.com xəbər verir ki, bu dəfə səbəb Tehranın İranda həbs olunan Azərbaycan vətəndaşlarına qarşı münasibəti və Bakı ilə imzalanmış beynəlxalq razılaşmalara əməl etməməsidir.

Rəsmi Bakı məsələ ilə bağlı kəskin açıqlama yayaraq, İranın bu davranışının nəinki dostluq münasibətlərinə, həm də beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İran ərazisində saxlanılan və məhkum edilmiş Azərbaycan vətəndaşları barədə diplomatik nümayəndəliklərə heç bir məlumat verilmir. Həmin şəxslərə konsulluqla görüşmək, ailə üzvləri ilə telefon əlaqəsi qurmaq və “Cəzanın çəkilmə yerinin dəyişdirilməsi haqqında sazişə” əsasən vəsatət qaldırmaq imkanı da tanınmır. XİN-in açıqlamasında bildirilir ki, 1998-ci il 21 fevral tarixində Bakı şəhərində imzalanmış həmin sazişə və Vyana Konvensiyasına zidd olaraq, Azərbaycan diplomatlarına hətta məhkəmə iclasları və çıxarılan qərarlar barədə də məlumat verilmir.

XİN-in mövqeyinə əsasən, bu hallar artıq təsadüfi texniki pozuntu deyil, müntəzəm hal alan məqsədli və sistematik diplomatik sabotajdır. Azərbaycan tərəfi bunu İranın beynəlxalq öhdəliklərə qarşı etinasız və məsuliyyətsiz münasibəti kimi qiymətləndirir.

İranın bu davranışı fonunda yaxın keçmişdə yaşanmış oxşar olaylar da yenidən gündəmə gəlib. Belə ki, 2012-ci ildə ədəbi festivalda iştirak etmək üçün İrana səfər etmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Tağızadə festivaldan sonra gizli şəkildə saxlanılmış, uzun müddət ailələri və Azərbaycan dövləti ilə əlaqə saxlamalarına imkan verilməmişdi. İran tərəfi onları “casusluqda” ittiham etmiş və yalnız Bakıdan rəsmi “yalvarış məktubu” – “hayišnaəmə” göndərilərsə, azad olunacaqlarını bildirmişdi. Qeyd olunmalıdır ki, diplomatik praktikalarda “hayišnaəmə” adlı sənəd anlayışı mövcud deyil. Azərbaycan tərəfinin belə bir sənəd göndərməsi halında bu, Tehranın ideoloji iddialarını hüquqi əsaslandırmaq üçün süni sübut ola bilərdi.

Rəsmi Tehranın bu cür münasibətləri bir neçə onillikdir davam edir. Məqalədə vurğulanır ki, İran siyasi elitasının bir qismi hələ də Azərbaycanı “tarixi İranın bir parçası” kimi görür. 2006-cı ildə İranın aparıcı nəşrlərindən olan “Cumhuriyə İslami” qəzetində Azərbaycan “Şimali İran” adlandırılmış, Qacarlar dövründə İranın tərkibində olan bütün ərazilərin Tehranın nəzarətinə qaytarılması çağırışı edilmişdi.

Eyni ideoloji yanaşmanın başqa nümunəsi isə İranın Bakıdakı səfirliyində “Ali liderin nümayəndəsi” statuslu şəxsin təyin olunması, Qasım Süleymani ilə bağlı tədbirlərin keçirilməsi və mədəni ideoloji tədbirlərlə Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləridir. Bütün bu addımlar “yumşaq güc” adı altında genişlənən geopolitik ekspansiya kimi qiymətləndirilir.

Məqalədə vurğulanır ki, Azərbaycan dövləti bu cür təxribatları nəinki görür, həm də prinsipial mövqe ilə cavab verir. XİN-in səsləndirdiyi “Azərbaycan – Şimali İran deyil!” ifadəsi bu mövqenin əsas tezisi kimi ortaya çıxıb. Azərbaycan dövləti aydın şəkildə bildirir ki, ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının hüquqları toxunulmazdır, bu prinsiplər “qırmızı xətt” sayılır və onların pozulması cəhdləri qarşısında kifayət qədər sərt cavab veriləcəkdir.

Rəsmi Bakının bu sərt mövqeyi həm beynəlxalq hüquqa əsaslanır, həm də Azərbaycanın regionda formalaşdırdığı nüfuzlu və özünəinamlı siyasi xəttin tərkib hissəsidir. Azərbaycan tərəfi İranı XIX əsr xəritələri ilə deyil, XXI əsrin reallıqları ilə davranmağa çağırır.

Minval.az-a istinadla hazırlanıb.


Geri qayıt