Əsas Səhifə > Güney Press > 4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ

4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ


Bu gün, 17:38

Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq və qəzəbə səbəb olub. Sosial şəbəkələrdə rezonans doğuran hadisənin “qəhrəmanı” barəsində hansı hüquqi addımın atılacağı ilə bağlı məsələ də gündəmə gəlib.

Maraqlıdır, 4 yaşlı qıza qarşı tükürpədici və dəhşətli əməlin cəzası nə olacaq? Qızın valideynləri şikayətçi olmasa, 64 yaşlı şəxs barəsində hansı hüquqi məsuliyyət nəzərdə tutulacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, bu cür hallarda cinayət işi ictimai təhlükə daşıdığı üçün təkcə valideynlərin şikayəti ilə ölçülmür:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinə əsasən, seksual xarakterli zorakılıq və ya əxlaqsız hərəkətlər törətmiş şəxslər ciddi şəkildə cəzalandırılır.


Əgər zərərçəkmiş 14 yaşına çatmayan şəxsdirsə, bu zaman törədilən əməllər daha ağır cinayət kimi qiymətləndirilir və cəza müddətləri artır”, - deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə CM-nin 152-ci maddəsinə əsasən, zor tətbiq etməklə və ya zor hədəsi ilə, yaxud da zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər törədildikdə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur:


“CM-nin 153.2-ci maddəsinə əsasən, əgər 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər törədilərsə, bu zaman şəxs 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər”.

Vəkil qeyd edib ki, azyaşlının valideynlərinin şikayətçi olub-olmaması cəza məsələsinə təsir etmir:

“Bu cür əməllər ictimai təhlükəli cinayət hesab olunduğu üçün istintaq orqanları hadisəni araşdırmaqda və cinayət işini açmaqda müstəqildirlər. Bu cür hadisələrdə barışıq əldə olunması cinayət məsuliyyətindən azad olunma üçün əsas deyil.


Çünki burada zərərçəkmiş azyaşlıdır və dövlət onun hüquqlarını qorumaqla məsuliyyət daşıyır,” - deyə vəkil qeyd edib.

Xatırladaq ki, hazırda Sabirabad rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.


Geri qayıt