Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi qızı olduğu iddia edilən, sosial şəbəkələrdə Luiza Rozova təxəllüsü ilə tanınan Yelizaveta Rudnova (Krivonoqix) atasını dolayı yolla tənqid edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 21 yaşlı Yelizaveta bir neçə ildən sonra ilk dəfə sosial şəbəkədə açıq selfilərini paylaşaraq bu qeydi yazıb: “Dünyaya üzümü yenidən göstərmək çox gözəldir. Hər gün mənə kim kimi doğulduğumu və həyatımı kimin məhv etdiyini xatırladır. Milyonlarla insanın həyatına son qoyan və mənimkini dağıdan adam…” O, bu sözləri ilə konkret olaraq Vladimir Putinin adını çəkməsə də, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Prezidentinə ünvanlanmış ismarıc kimi qəbul ediblər. Rozova həmçinin Paris qalereyalarında ukraynalı rəssamlarla əməkdaşlığı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun ünvanına “müharibənin ortasında rejimdən faydalanan ailənin üzvü ilə rejimin qurbanlarının bir yerdə olması yolverilməzdir” kimi ittihamlar səsləndirilib. Yelizaveta bu tənqidlərə belə cavab verib: “Məni eşitməyən ailəmin hərəkətlərində doğrudanmı mən günahkaram?” O, daha əvvəl də Ukraynadakı müharibəyə mənfi münasibətini açıq şəkildə ifadə edib. Bildirib ki, “hər şeyi dəyişmək imkanım yoxdur” və bəzi insanların onu bu proseslərdə “iştirakçı” hesab etməsi ona təəccüblüdür. Paylaşımlarında o, dünya müharibəsinə səbəb olan bir şəxsin sadəcə valideyn hisslərinə görə fikrindən dönəcəyini düşünmədiyini bildirib: “Gəlin bir yerdə düşünək və bu suala cavab verək: Bütün dünyaya sözün əsl mənasında müharibə elan edəcək qədər dəli bir insan valideyn hisslərinə görə qərarlarından əl çəkərmi?” Yelizaveta Rozova hələ müharibənin əvvəlində “Instagram”da “No war” (“Müharibəyə yox”) sözləri yazılmış qara kvadrat paylaşaraq Rusiyanın Ukraynaya qarşı işğalını açıq şəkildə pisləyib. Daha sonra Rusiyanı tərk etdiyini, bütün sosial əlaqələrini kəsdiyini bildirib. O, hazırda “sevimli Peterburqumu gəzə, sevimli yerlərimə və müəssisələrimə baş çəkə bilmədiyim qızıl qəfəsdə yaşayıram” deyə əlavə edib. 2024-cü ildə Rozova Parisdəki ICART İdarəetmə və İncəsənət Məktəbini bitirib və Fransada yaşamaq qərarı verib. Hal-hazırda Ukraynadan olan rəssamlar da daxil olmaqla müharibə əleyhinə sənətçilərin iştirak etdiyi “Albatros” və “L Galerie” studiyalarında çalışır. Müharibədən əvvəl Rozova sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini nümayiş etdirib. O, bahalı dizayner geyimlərində fotolar paylaşır, şəxsi təyyarələrdə səyahət etdiyini qeyd edirdi. Bu paylaşımlara görə Rusiya müxalifəti onu sərt şəkildə tənqid etmişdi. Rozovanın anası Svetlana Krivonoqix Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Yuri Kovalçukun rəhbərlik etdiyi “Rossiya” bankında pay sahibidir. O, həmçinin “İqora” xizək kurortunun 75 faizi, Tavriçeski bağındakı “Leninqrad Mərkəzi” adlı şou məkanının 75 faizi, Sankt-Peterburq və Soçidə bir sıra daşınmaz əmlaklara sahibdir. Bundan başqa, Krivonoqixin Monakoda, Monte Karlo kazinosunun yaxınlığında Aralıq dənizinə mənzərəsi olan mənzili də var. 2010-cu ildə onun sərvəti 7,7 milyard rubl (həmin dövrün məzənnəsi ilə təxminən 100 milyon dollar) olaraq qiymətləndirilib. Krivonoqix Putinlə tanış olmamışdan əvvəl Sankt-Peterburqda kommunal mənzildə yaşayır və təmizlikçi kimi işləyirdi. Qeyd edək ki, daha əvvəl rəsmi Kreml Svetlana Krivonoqixlə Vladimir Putin arasında hər hansı əlaqənin olduğunu inkar edib.
Geri qayıt
|