Əsas Səhifə > Güney Press > Nikol seçkilərdə qələbə qazandıqdan sonra...

Nikol seçkilərdə qələbə qazandıqdan sonra...


Bu gün, 15:58

Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı işlər davam edir. Nikol Paşinyan hökuməti qapalı şəraitdə Konstitusiya dəyişikliyi layihəsinin hazırlanması ilə məşğul olan qrup yaradıb.
Bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri yazıb ki, qrup tanınmış hüquqşünaslar və siyasi-ictimai xadimlərin daxil olduğu Konstitusiya İslahatları Komissiyasına əlavə olaraq formalaşdırılıb:
“Bir neçə həftə əvvəl ədliyyə naziri Srbuhi Qalyan bəyan etmişdi ki, Ermənistanda Konstitusiya dəyişiklikləri üzərində iş 2018-ci ildən dərhal sonra başlayıb və bu prosesi hər hansı xarici amillə (Azərbaycanla) əlaqələndirmək düzgün deyil, bu, Ermənistanın daxili məsələsidir.
Xatırladaq ki, Azərbaycan uzun müddətdir Ermənistandan Konstitusiyaya düzəlişlər tələb edir, Konstitusiyanın preambulasında Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların (ərazi iddialarının) olduğunu qeyd edir. Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsi vasitəsilə bir qərar çıxarsa da, Azərbaycan Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanmasının gələcəkdə problemlər yarada biləcəyini bəyan edərək, İrəvanın mövqeyi ilə qətiyyən razılaşmır.
Konstitusiya Məhkəməsindəki mənbələrimizin verdiyi məlumata görə, Paşinyan vəkillərinə yeni layihədən Müstəqillik Bəyannaməsini tamamilə çıxarmaq, eləcə də sülh sazişinin imzalanmasına xələl gətirməyəcək bir ifadənin daxil edilməsi barədə göstəriş verib. Hakimiyyət nə qədər inandırmağa çalışsa da ki, düzəlişlərin bununla heç bir əlaqəsi yoxdur, fakt budur ki, Ermənistanda Konstitusiya məhz Azərbaycanın tələbi ilə dəyişdirilir”.
“Past”ın iddiasına görə, Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum 2026-cı ilin iyununda parlament seçkiləri ilə eyni gündə keçiriləcək: “Rəsmilər yeni Konstitusiyanın həmin vaxta qədər hazır olacağını istisna etmirlər”.
 
 
Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı məsələ 2018-ci ildə qaldırılmışdı:
“Bu dəyişikliklər fərqli mahiyyət daşıyırdı. Amma hazırda Azərbaycanın Ermənsitandan tələbləri bu dəyişikliklərin mahiyyətini ciddi şəkildə fərqləndirir. Azərbaycan Ermənistan Konstitusiyasında “Müstəqillik Bəyannaməsinə”istinadın və bunun əsasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının ləğvi ilə bağlı dəyişikliklər istəyir. Paşinyan hakimiyyəti də bunu anlayır. Lakin Ermənistan cəmiyyətindəki revanşist qüvvələr, kilsə və digərləri bu məsələnin əleyhinə olduğuna görə dəyişiklıiyi həyata keçirmək mümkün deyil. Amma Nikol Paşinyan anlayır ki, Konstitusiyada dəyişiklik edilməyənə qədər Azərbaycanla, həmçinin Türkiyə ilə münasibətlərin normallaşacağı mümkün olmayacaq. Bu isə Ermənistan üçün yenə də “dalan” vəziyyətinin qalmasını sürətləndirəcək. Ermənistan bölgədəki bütün layihələrdən kənarda qalacaq. Bu baxımdan, Ermənistanda Konstitusiya dəyişikliklərinin edilməsi şərtdir”.
Politoloq qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2026-cı ildə seçkilərlər eyni gündə keçirilməsi iddiası inandırıcı deyil:
“Çünki bu məsələnin paralel şəkildə gündəmə gətirilməsi müsbət nəticə verməyəcəyini Ermənistan hakimiyyəti yaxşı bilir. Hətta müxalifətdə bundan Paşinyan hakimiyyətinin əleyhinə istifadə edə bilər. Nikol seçkilərdə qələbə qazandıqdan sonra Konstitusiyada dəyişiklik edəcək. Paşinyan bu dəyişikliklərdə isə Azərbaycanın tələblərini nəzərə almalıdır. Əks təqdirdə, sülh müqaviləsi imzalanmayacaq. Bu isə bölgədə kommuniksasiyaların açılmasına mənfi təsir edəcək. Bu mənada, Ermənistan “dalan” vəziyyətində qalmalı olacaq”.

Geri qayıt