Əsas Səhifə > Güney Press > Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu

Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu


Bu gün, 13:04

Dünyanın ən nüfuzlu müsabiqələrindən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO 2025) başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, Avstraliyada keçirilən yarış 110 ölkənin iştirakı ilə keçirilib və nəticələrə əsasən Çin növbəti dəfə qızıl medallarla tam nəticə – 6 medal qazanaraq birinci yeri tutub.
ABŞ 5 qızıl və 1 gümüş medalla 2-ci, Koreya isə 4 qızıl və 2 gümüş medalla 3-cü yerdə qərarlaşıb.
Məlumat üçün bildirək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası universitet tələbəsi olmayan 20 yaşına kimi şəxslər arasında keçirilir. Bu, beynəlxalq elm olimpiadalarının ən nüfuzlu növü hesab edilir. Hər il keçirilən bu müsabiqədə 100-dən çox ölkə iştirak edir. Hər ölkə altı şagirddən ibarət komanda göndərir.
Olimpiada ilk dəfə 1959-cu ildə Rumıniyada təşkil olunub və 1980-ci il istisna olmaqla hər il keçirilib. Olimpiada əvvəlcə Şərqi Avropa ölkələri üçün nəzərdə tutulsa da, sonradan digər ölkələr də iştirak etməyə başlayıb. Müsabiqə iki gün ərzində keçirilir və hər gün iştirakçılara üç tapşırıq təqdim edilir. Hər tapşırığı həll etmək üçün dörd saat yarım vaxt ayrılır. İştirakçılar fərdi ballarına əsasən sıralanır və ən yüksək nəticə göstərənlərə qızıl, gümüş və bürünc medallar təqdim olunur. Medal almayan, lakin ən azı bir tapşırıqda maksimum bal toplayan iştirakçılara həvəsləndirici mükafat verilir.
Qeyd edək ki, yarışda 6 iştirakçı ilə təmsil olunan Azərbaycan 68 bal toplayaraq 110 ölkə arasında 74-cü sırada qərarlaşıb. Azərbaycanlı iştirakçıların heç biri medal əldə edə bilməyiblər. Bu göstərici ilə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında son sıralarda qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrinin 110 ölkə arasındakı mövqeyi, topladığı bal və əldə etdiyi medal sayı belə olub:
10-cu yer: Türkiyə – 186 bal (2 qızıl, 3 gümüş, 1 bürünc);
12-ci yer: İran – 183 bal (2 qızıl, 3 gümüş, 1 bürünc);
17-ci yer: Qazaxıstan – 175 bal (4 gümüş, 2 bürünc);
24-cü yer: Ukrayna – 165 bal (1 qızıl, 2 gümüş, 3 bürünc);
26-cı yer: Belarus – 161 bal (1 qızıl, 1 gümüş, 4 bürünc);
28-ci yer: Özbəkistan – 158 bal (4 gümüş, 1 bürünc, 1 həvəsləndirici mükafat);
37-ci yer: Qırğızıstan – 137 bal (2 gümüş, 3 bürünc, 1 həvəsləndirici mükafat);
43-cü yer: Litva – 125 bal (5 bürünc);
47-ci yer: Türkmənistan – 120 bal (2 gümüş, 1 bürünc, 3 həvəsləndirici mükafat);
49-cu yer: Estoniya – 117 bal (1 gümüş, 2 bürünc, 3 həvəsləndirici mükafat);
54-cü yer: Ermənistan – 112 bal (3 bürünc, həvəsləndirici mükafat);
63-cü yer: Gürcüstan – 94 bal (2 bürünc, 3 həvəsləndirici mükafat);
65-ci yer: Tacikistan – 92 bal (2 gümüş, 1 həvəsləndirici mükafat);
67-ci yer: Latvia – 90 bal (1 bürünc, 2 həvəsləndirici mükafat);
74-cü yer: Azərbaycan – 68 bal (4 həvəsləndirici mükafat).


Onu da bildirək ki, son 7 ildə Azərbaycan ilk dəfə olaraq Olimpiadanı medalsız tərk edib.
Azərbaycanın 2019-2025-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında əldə etdiyi nəticələr aşağıdakı kimi olub:

2019-cu ildə – 3 bürünc, 2 həvəsləndirici mükafat;
2020-ci ildə – 1 bürünc, 5 həvəsləndirici mükafat;
2021-ci ildə – 2 bürünc, 3 həvəsləndirici mükafat;
2022-ci ildə – 1 gümüş, 4 bürünc, 1 həvəsləndirici mükafat;
2023-cü ildə – 1 gümüş, 1 bürünc, 4 həvəsləndirici mükafat;
2024-cü ildə – 1 bürünc, 5 həvəsləndirici mükafat;
2025-ci ildə – 4 həvəsləndirici mükafat.


Geri qayıt