Əsas Səhifə > Güney Press > Azərbaycanda problemli kreditlər artır
Azərbaycanda problemli kreditlər artırBu gün, 16:00 |
Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bildirilib ki, bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa, banklar tərəfindən risklərin daha erkən mərhələdə tanınaraq minimallaşdırılmasına imkan verəcək. Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 %-dən artıq olmamalıdır. Mərkəzi Bankın istehlak kredit kartları üzrə borcalanın gəlirinin 5 misli ilə limit qoyması hansı problemlərin qarşısını almağa hesablanıb? Bu yanaşma bazarda kredit dövriyyəsinə necə təsir göstərəcək? Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, son zamanlar problemli kreditlərin əsas hissəsi istehlak kreditləri üzrə müşahidə olunur. Onun sözlərinə görə, lakin bu, problemin səbəbiylə yox, məhz nəticəsi ilə mübarizədir: "İstehlak kreditlərində problemli kreditlərin payı son zamanlar artmağa başlayıb. Mərkəzi Bank bunu görür və demək olar ki, hər ay problemli kreditlərdə məhz istehlak kreditləri bölməsində artım müşahidə olunur. Bu artımın qarşısını almaq, problemli kreditlərin həcminin böyüməsinə mane olmaq üçün Mərkəzi Bank müəyyən məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Amma bu, əslində nəticə ilə mübarizədir". Natiq Cəfərli qeyd edib ki, problemin əsas səbəbi Azərbaycanda bank faizlərinin həddindən artıq yüksək olmasıdır: "Problemli kreditlərin artmasının nəticəsi odur ki, istehlak kreditləri bu statistikada daha çox təmsil olunur. Amma əsas səbəb bu deyil. Əsas səbəb Azərbaycanda faizlərin çox yüksək olmasıdır. Bank faizləri həddindən artıq yüksəkdir. Bəzən vətəndaşlar kreditləri qaytarmaqda çətinlik çəkirlər, bu da problemli kreditlərin həcminin artmasına səbəb olur". Geri qayıt |