Əsas Səhifə > Güney Press > Rusiya Köçəryanı yenidən aktivləşdirir:

Rusiya Köçəryanı yenidən aktivləşdirir:


Dünən, 12:48

Ermənistanın sabiq prezidenti, Qarabağ müharibəsinin birbaşa iştirakçısı və Xocalı soyqırımının əsas siması sayılan Robert Köçəryan yeni çıxışı ilə bir daha rusiyayönlü xəttin müdafiəçisi kimi siyasi səhnəyə qayıdıb.

Musavat.com xəbər verir ki, onun geniş müsahibəsində səsləndirdiyi fikirlərdə açıq şəkildə Moskvanın Cənubi Qafqazda “yeganə cilovlayıcı güc” olduğu, Ermənistan üçün xilasedici rolunu oynaya biləcəyi iddia olunur.

Müsahibə boyunca hədəf isə hazırkı baş nazir Nikol Paşinyan və onun komandasıdır.

“Azərbaycan və Türkiyəni cilovlaya biləcək yeganə güc Rusiyadır”

Köçəryan iddia edir ki, nə ABŞ, nə də Fransa bölgədə Ermənistanı qorumaq iqtidarındadır.

Sitat: “Fransanın burada həyati maraqları yoxdur, ordusu isə cəmi 200 min nəfərdir, onlardan yerüstü döyüş hazırlığı olanlar 50 min nəfər belə deyil. Azərbaycan və Türkiyəni cilovlaya biləcək yeganə ölkə Rusiyadır, onun da burada maraqları var”.

O deyir ki, əgər bu müqaviləyə zəmanət verəcək bir güc varsa, o da Rusiyadır. Bu fikir faktiki olaraq Moskvanın regionda qalıcı hərbi və siyasi varlığını legitimləşdirməyə yönəlib.

Daha bir sitat: “İndi ağıllı bir lider belə bir vəziyyətdə o ölkə ilə münasibətlər qurmağa çalışar ki, onun imkanları və maraqları Ermənistan üçün bu təhdidləri cilovlasın”.

Köçəryan Paşinyanı və onun komandasını savadsız, təcrübəsiz, hətta diletant adlandıraraq birbaşa Rusiya ilə düşmənçilik etməyi Ermənistan üçün ölümcül yanlış hesab edir.

Sitata baxaq:

“Bəs indiki Ermənistan rəhbərliyi nə edir? Rusiya ilə düşmənçilik edir, eyni zamanda Ermənistan üçün birbaşa təhlükə olan ölkələrlə dostluq qurmağa çalışır. Bunu sağlam düşüncə ilə izah etmək mümkündürmü? Beynəlxalq münasibətlər bu cür işləmir. Azərbaycan və Türkiyənin Ermənistan qarşısındakı iştahını cilovlaya biləcək yeganə imkan Rusiyadır. Kim deyirsə ki, bu, ABŞ-dır, qoy olsun, amma ABŞ-ın nə burada imkanı, nə də istəyi var”.

Bu ritorika yalnız Kreml düşüncəsinin səsləndirilməsi deyil, həm də Ermənistan cəmiyyətində revanşizmi körükləyən təhlükəli yanaşmadır.

Məhz Köçəryan və onun siyasi komandası 2000-ci illərdə Ermənistanı Rusiyanın hərbi-siyasi peykinə çevirərək, suverenlik anlayışını tamamilə sıradan çıxarıblar. Nəticədə bu gün Paşinyan rəhbərliyi xilas planı hazırlayan deyil, sadəcə olaraq köçəryanların atdığı mina tarlasından çıxmağa çalışan bir komandadır.

Köçəryan müsahibəsində “sülh müqaviləsi kağız parçası olaraq qalmamalıdır” deyir:

“Sülh müqaviləsi sadəcə kağız parçası olmayacaq. Əgər bu müqavilənin icrasına zəmanət verən güclü bir ölkə də varsa, bu, artıq sülh müqaviləsi olar. Beynəlxalq münasibətlər belə işləyir”.

O, bunları söylərkən əslində münaqişənin qalmasını və Rusiyanın bu fonda bölgədə qalıcı hegemon olmasını təklif edir. Onun modelində Ermənistan heç vaxt tam müstəqil olmur, daim kənar bir güc tərəfindən qorunan və yönləndirilən “klient dövlət” olaraq qalır.

Obyektiv olsaq, görərik ki, Paşinyan bu gün Ermənistanı müstəqil qərarverici dövlətə çevirmək, sülh gündəliyini Türkiyə və Azərbaycanla birbaşa dialoq üzərində qurmaq, Qərbə inteqrasiya olmaq xəttini izləyir.

Köçəryan isə açıq şəkildə deyir: “Yalnız Rusiya bu bölgədə oyunçudur. ABŞ istəmir, Fransa zəifdir. Gəlin, Moskvaya təslim olaq”.

Köçəryanın ritorikası Ermənistanı yenidən təzyiq altında yaşamağa, hərbi-siyasi bloklara bağlanmağa, daxildə isə müxalifət adı ilə Moskvaya işləyən qüvvələrin dirçəlməsinə xidmət edir. O, Paşinyanı əzmək üçün “geosiyasi savadsızlıq” ittihamından istifadə edir, halbuki əsl siyasi cinayət Ermənistanı Rusiyanın diktəsi ilə idarə olunan marionetə çevirməkdir.

Xocalı soyqırımına imza atan bir caninin bu gün “sülh müqaviləsi” və “zəmanətçi dövlət” haqqında danışması özü ilə ziddiyyət təşkil edir.

Əslində Köçəryan bu çıxışı ilə sülhə deyil, qorxuya, asılılığa və bölgədə qarşıdurmaların saxlanmasına xidmət edən köhnə imperiya ideologiyasının carçısı olduğunu bir daha sübut edir.

Bu qatil sanki başa düşmək istəmir ki, Paşinyan 200 illik “erməni məsələsi”nin yekunudur, onun, Sərkisyanın Rusiyanın dəstəyi ilə Ermənistanı gətirib çıxartdıqları uçurumun son kandarıdır. Nikol Paşinyan əslində Ermənistan, erməni xalqı bu uçurumdan yuvarlanmasın deyə çabalayır. Köçəryan isə yenə də təklif edir ki, buraxaq Rusiya bizi bir qəşəng atsın uçurumdan…

Musavat.com


Geri qayıt