Əsas Səhifə > Güney Press > Rusiyanın gizli “qəhrəmanı” geri çəkilir?
Rusiyanın gizli “qəhrəmanı” geri çəkilir?30-07-2025, 11:03 |
Çinin Rusiya ilə bağlı tutduğu mövqe dünya mediasında yenidən kəskin müzakirələrə səbəb olur. Qlobal nəhənglərdən biri kimi Çin, ən gərgin mübahisələrdə – Pakistan-Hindistan, İsrail-İran münaqişələrində və indi də Rusiyanın Qərb tərəfindən sıxışdırılmasında susqunluğunu qoruyur. Maraqlıdır ki, Pekinin Moskva ilə kifayət qədər yaxın əlaqələri var. Həmçinin Ukrayna ilə müharibədə Rusiyaya elan edilməmiş yardımlar göstərdiyi də iddia olunurdu, lakin rəsmi səviyyədə heç bir dəstək bəyanatı verilmədi. O cümlədən, Çinin Hindistanla müharibədə Pakistana, İsraillə müharibədə isə İrana yardım göndərdiyinə dair məlumatlar da yayıldı. Pekin hazırda Moskvanı maraq dairəsindən çıxarıbmı? Rusiya-Çin ittifaqı sona çatır? Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Çinin mövqeyində kəskin dəyişiklik yoxdur: “Prezident Si Cinpinin dönəmində nə qədər aqressiv siyasət yürüdülsə də, Çin İkinci Dünya müharibəsindən sonra neytral mövqe tutmağa üstünlük verib. Başqa dövlətlərin münaqişələrində yer almamağa çalışıb. Rusiya-Ukrayna müharibəsində də bu mövqeyin şahidi olduq. Çin hətta vasitəçi olmaq təklifini irəli sürüb. Faktiki olaraq, Moskvaya dəstəyinin böyük olduğunu görürük. İki ölkə arasında imzalanan qaz sazişləri, ticarət əlaqələri, Rusiyanın hərbi texnologiya istehsalına etdiyi yardımlar və s. göstərir ki, Çin daha çox gizli dəstək verir. O, mövcud müharibə fonunda Rusiyanın mövqeyini dəstəkləyir. Hazırda səssizliyini qoruması isə ABŞ-la münasibətlərini nəzərdən keçirməsindən qaynaqlanır. Moskvanı maraq dairəsindən çıxarmaq mümkün deyil. Pekin çox yaxşı başa düşür ki, Qərbin yaratdığı beynəlxalq siyasi düzən onun maraqlarına uyğun gəlmir. Bu vəziyyətdə ən yaxın müttəfiqi də Moskvadır. Çin də neoreallıqdan narazıdır və bu məsələdə Rusiyanı tək qoymayacaq”. Politoloqun sözlərinə görə, ABŞ Rusiyanı deyil, Çini “vurmağa” hazırlaşır: “Son 10-15 ildə rəsmi ABŞ-ın xarici siyasət doktrinasında Çin əsas hədəflərdən biridir. Dünya hegemonu kimi Vaşinqtonu sıxışdırmaq potensialı rəsmi Pekinə məxsusdur. Çinin iqtisadi imkanları da bunu deməyə əsas verir. Belə hal yaşayanarsa, Pekin hərbi və siyasi sahələrdə də əsas gücə çevrilə bilər. Lakin hazırkı məqamda Rusiya ilə iqtisadi əməkdaşlıq Çin üçün hava və su qədər əhəmiyyətlidir.” Geri qayıt |