Əsas Səhifə > Güney Press > Russayağı DİSKRİMİNASİYA

Russayağı DİSKRİMİNASİYA


Dünən, 12:50

“Son dövrlərdə Rusiyada azərbaycanlı ictimai fəallara və diaspor nümayəndələrinə qarşı yönəlmiş təzyiqlər və əsassız ittihamlar açıq şəkildə artmaqdadır. Bu hadisələr artıq təsadüfi insidentlərdən çox, məqsədyönlü və sistemli bir siyasətin tərkib hissəsinə çevrilib”.

Bunu Yenicag.az-a açıqlamasında Vətəndaş Hərəkatı Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

VHP funksioneri Rusiyanın anti-azərbaycan siyasətinin son dövrlərdə artmasının səbəblərini izah edib.

Onun sözlərinə görə, bir tərəfdən “multikultural dəyərlər”dən danışan Rusiya, digər tərəfdən öz ərazisində yaşayan azərbaycanlıları müxtəlif hüquqi və inzibati üsullarla sıxışdırır, onları psixoloji basqı altında saxlamağa çalışır:

“Heç şübhəsiz, bu siyasətin kökündə isə Azərbaycanın artan nüfuzunu cilovlamaq, onun haqlı və müstəqil siyasətinə təzyiq göstərmək niyyəti dayanır. Azərbaycan diasporu illərdir ki, müxtəlif ölkələrdə xalqımızın haqq səsini, ədalətli mövqeyini, Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır. Bu mübarizə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha fəal və effektli mərhələyə keçib. Rusiya isə bu fəallığı öz maraqları üçün təhlükə kimi görməyə başlayıb. Çünki bu fəaliyyət təkcə Azərbaycanın imicini gücləndirmir, həm də regionda yeni və müstəqil güc mərkəzinin formalaşdığını göstərir”.

S. Əsədlinin fikrincə, məhz buna görə Rusiya, xüsusilə öz ərazisində yaşayan fəal azərbaycanlıları hədəfə alaraq onları susdurmaq, nüfuzlarını sarsıtmaq, Azərbaycan dövlətini isə dolayı yolla təzyiq altına salmaq istəyir:

“Son zamanlarda azərbaycanlı fəalların əsassız səbəblərlə istintaqa cəlb olunması, evlərində axtarışlar aparılması, bütün insan haqları və normalarını pozaraq təhdid və təzyiqlərə məruz qalması bu siyasətin təzahürüdür. Bütün bu proseslər Rusiyanın Azərbaycanla bağlı yürütdüyü köhnə imperiya təfəkkürünün hələ də davam etdiyini, müstəqil dövlətlərin suverenliyini qəbul etmək istəmədiyini bir daha nümayiş etdirir. Rusiya bu siyasətlə, əslində, bir mesaj verməyə çalışır: “Azərbaycan öz mövqeyindən çəkilsin, regiondakı proseslərə Kreml prizmasından baxsın”.

Müsahibimiz əmindir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsində Azərbaycanın qətiyyəti və Ermənistanla birbaşa danışıqlara üstünlük verməsi Rusiyanı prosesdən kənarda qoydu:

“Kreml isə bu reallıqla barışmaq əvəzinə, məsələyə təzyiq və qarşıdurma yolu ilə müdaxilə etmək istəyir. Halbuki Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan arasında ikitərəfli siyasi razılaşma məsələsidir və heç bir üçüncü ölkənin bu prosesə təsir etməyə hüquqi və siyasi haqqı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn prinsiplərini təmin edib. Bu gün isə regionda sülh və sabitliyin yaranması üçün ciddi təşəbbüslər göstərir. Rusiya isə bu prosesə tərəfdaş deyil, əngəl kimi yanaşır”.

O. həmçinin bəyan edib ki. Azərbaycanın mövqeyi sözügedən məsələdə tam aydındır:

“Heç bir təzyiq onu haqq yolundan döndərə bilməz. Nə xarici müdaxilələr, nə də daxildəki təxribat cəhdləri bu iradəni sarsıtmayacaq. Əgər Rusiya özünü regionda sabitliyin tərəfdarı kimi göstərmək istəyirsə, ilk növbədə azərbaycanlılara qarşı apardığı bu ayrı-seçkilik siyasətinə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaq təcrübəsindən əl çəkməlidir. Əks halda, bu siyasət Rusiyanın özü üçün daha böyük etimad itkisi və təcrid ilə nəticələnəcək. Azərbaycan XXI əsrin reallıqlarına uyğun olaraq öz suveren iradəsini ortaya qoyur. Rusiyanın köhnə üsullarla bu iradəyə təsir göstərmək istəyi nə regionda sülhə xidmət edir, nə də özünü nüfuz sahibi kimi göstərmək istəyən bir dövlətə yaraşır. Azərbaycan haqlıdır və bu haqlılığı müdafiə etməkdən bir addım da geri çəkilməyəcək. Tarix hər zaman haqlını qalib çıxarıb, bu dəfə də belə olacaq”.


Geri qayıt