Əsas Səhifə > Güney Press > Mənzil bazarında yeni fırıldaqçılar

Mənzil bazarında yeni fırıldaqçılar


Dünən, 11:49

Son vaxtlar sosial şəbəkələr, xüsusilə də TikTok vasitəsilə daşınmaz əmlak alqı-satqısı ilə bağlı fırıldaqçılıq hallarında artım müşahidə olunur.

Bu platformalarda yayımlanan elanlara aldanan vətəndaşlar ciddi maliyyə itkiləri ilə üzləşirlər. Məsələn, Bakıda bir qadın TikTok-da təqdim olunan mənzil elanına əsaslanaraq ev almaq istədiyi zaman 18 min manat vəsaitinin bir hissəsini itirib.

Problemin əsas səbəblərindən biri alqı-satqı proseslərinin hüquqi sənədləşmə aparılmadan və nağd ödəniş yolu ilə həyata keçirilməsidir. Belə qeyri-rəsmi razılaşmalar vətəndaşları böyük risklər qarşısında qoyur.

Bəs sosial şəbəkələr üzərindən daşınmaz əmlak almaq hansı təhlükələri doğurur? Vətəndaşların hüquqlarının qorunması və fırıldaqçılıq hallarının qarşısının alınması üçün nəzarət mexanizmləri necə təkmilləşdirilməlidir?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu halların artmasının səbəblərindən biri sosial şəbəkələrin ödənişsiz və hər kəs üçün əlçatan olmasıdır:

“Sosial şəbəkələrdən istifadə üçün xüsusi savad və bacarıq tələb olunmur. Bu isə bir tərəfdən əlçatanlığı artırsa da, digər tərəfdən müxtəlif hüquq pozuntularına şərait yaradır. Şəbəkələrin geniş auditoriyanı əhatə etməsi, digər alternativ vasitələrlə müqayisədə təsir gücünün daha yüksək olması da bu halların artmasına səbəb olur. Azərbaycanda müasir internet və rabitə infrastrukturunun inkişafı, fikir plüralizminin təmin olunması sosial şəbəkələrdən istifadənin genişlənməsinə zəmin yaradıb”.

Deputat qeyd edib ki, demək olar hər gün yeni texnoloji fırıldaqçılıq halları ortaya çıxır:

“Xüsusilə daşınmaz əmlak və digər əşyaların satışı sahəsində fırıldaqçılıq faktları artır. Ona görə də düşünürəm ki, vətəndaşlar sosial şəbəkələrdə əmlak alqı-satqısı zamanı üzləşə biləcəkləri risklər barədə maarifləndirilməlidir. Satıcıların kimliyi və satışa çıxarılan əmlakın mülkiyyət sənədləri əvvəlcədən dəqiqləşdirilməlidir. Dövlət qurumları bu sahədə müvafiq nəzarət mexanizmləri formalaşdırmalı, sosial şəbəkələrdə aparılan bu cür fəaliyyətləri izləməli və pozuntulara qarşı hüquqi tədbirlər görməlidir”.


Geri qayıt