Əsas Səhifə > Güney Press > "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"Dünən, 10:58 |
“Allahverdi Yolçuyevdən küçədə corab satmağı gözləmirəm. Belə şey olsa belə, Allahverdi cibə girməyib ki... Corab satır və pulunu qazanır. Allahverdinin xətrini çox istədiyim üçün bu mövzuya geniş açıqlama vermək istəmirəm. Amma məncə, Allahverdi düz etməyib... Bəs sizcə? Mən şahidəm ki, Allahverdini teatra götürməyiblər, müraciətlərinə baxmayaraq işə qəbul etməyiblər. O, çox istedadlı aktyordur. Bəlkə, Allahverdi vaxtında özünə gün ağlamayıb? Bəlkə, olmalı vaxtda həmin məbəddə olmayıb? O məbəd ki teatrdır... Oranı ziyarət etməyib, orada dua etməyib. Bəlkə, ola bilərmi ki, Allahverdi gecikib? Bu da var axı. Məbədə gələn, o məbədin bütün qayda-qanununa riayət edən bir adamı ola bilməz ki, heç kim məbədə buraxmasın. Buna imkan verməzlər. Bəlkə, Allahverdi müəyyən vaxtlarda şəxsi həyatı ilə bağlı daha çox iş görmək üçün işləyib? Onun balaları, evi var... Bilirsiniz, biz hərdən “kor düyün” kimi gedirik, amma fikirləşmirik ki, bu kor düyünün əmələ gəlməsində bizim nə qədər günahımız var? Mən aktyor saymadığım adama, təsadüfi ora-bura gəlib, adı aktyor kimi hallandırılan adama da belə şey arzulamıram. Yenə deyirəm, Allahverdi Yolçuyev heç kimin əlindən qızılını qapıb qaçmayıb, yaxud oğurluq etməyib. Ola bilsin, gündəlik çörəkpulu qazanması üçün corab satıb. Bu mövzu artıq elə bir yerə gedir ki, bir az təhlil edəndə sabah Allahverdi məndən inciyə bilər. Amma mən onun inciməsini heç istəmirəm...” Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Xalq artisti bildirib ki, aktyoru 65 yaşında teatrdan uzaqlaşdırmaq olmaz: “Bir var, yeni gələn nəslin nəzəriyyə savadı, bir də var, praktik savad. Bəziləri hansısa aktyora görə teatra gəliblər, bəziləri isə aktyordan, aktrisadan çox şey öyrənə bilərlər. Buna görə də teatrın çox ehtiyacı olan aktyor və aktrisaları teatr rəhbərliyi də, məktub əsasında Mədəniyyət Nazirliyi də saxlayır. Yəni bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar. Müəyyən aktyorlar teatra, yeni gələn nəslə, tamaşaçıya bir növ qəyyumluq edirlər. O sənətkar, həqiqətən də, sənətkardır!” Geri qayıt |