Əsas Səhifə > Güney Press / Partiya > Paşinyan Qərbə sülh görüntüsü verir, amma...

Paşinyan Qərbə sülh görüntüsü verir, amma...


Bu gün, 06:24

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər. Baş nazirin sözlərinə görə, belə bir fikir var: "Bu məsələ müzakirə masasında var". Paşinyan iyulun 10-da Prezident İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib. O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var: "Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik".
 
Politoloq Fuad Abbasov deyib ki, sülh sənədinin imzadan öncə paraflanması Azərbaycanı nəyəsə məcbur edə bilməyəcək. Ekspertin fikrincə, Paşinyan dünya ictimaiyyətinə mesaj verir ki, Azərbaycanın təkliflərini qəbul etməyə, hətta daxildə paraflamağa hazırdır:
"Qərbə göstərir ki, Ermənistan tərəfi sülh müqaviləsini paraflamaqla təsdiqləyəcək. Azərbaycan öz əsas şərtlərini Ermənistana bəyan edib. Bakı bu şərtlərin qəbul olunmasında israrlıdır. Əlbəttə, İrəvan sülh sənədini və Bakının şərtlərini Ermənistan parlamentində təsdiq edə bilər. Azərbaycan üçün bu məsələnin elə də önəmi yoxdur. Bizim üçün əsas olan sülh sazişinin imzalanması və Bakının iki mühüm şərtinin qeyd-şərtsiz yerinə yetirilməsidir".
 
Siyasi şərhçinin fikrincə, Ermənistan daxilindəki parçalanmanı, ictimaiyyət arasındakı ziddiyyətləri də nəzərə almalıyıq:
"Ermənistanda Köçəryan-Sərkisyan tərəfdarları, rusyönlü qüvvələr heç də az deyil. Samvel Karapetyanın həbsindən sonra Rusiya bir qədər də hiddətlənib. Kilsə və revanşistlərin təhriki ilə cəmiyyətdə sülh sazişinin imzalanmasının əleyhinə olanlar çoxdur. Yəni Paşinyanın "sənədin paraflanması" təklifi o mənaya gəlmir ki, erməni ictimaiyyəti və parlament bu təklifi mübahisəsiz qəbul edəcək. Hətta Azərbaycan tərəfi bunu qəbul etsə belə, Ermənistan hökuməti asanlıqla edə bilməyəcək".

Geri qayıt