Əsas Səhifə > Güney Press > Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidirDünən, 17:57 |
Azərbaycanda yas mərasimlərinin keçirilmə forması illərdir ictimai müzakirələrin və tənqidlərin mərkəzində dayanır. Əslində, bu mərasimlərin kökü insanlara mənəvi dayaq olmaq, acılarını paylaşmaq, yas sahibini tək buraxmamaq niyyəti ilə bağlıdır. Lakin zaman keçdikcə bu adətlər təhrif olunaraq, öz mahiyyətindən uzaq düşüb. Qədimdə mərhumun ailəsinə yardım etmək üçün bişirilən yeməklərin yerini bu gün bahalı restoranlarda keçirilən, israfçılıqla müşayiət olunan, yarışa çevrilmiş dəbdəbəli yas mərasimləri alıb. Milli Məclisin deputatı Razi Nurullayevin yas mərasimlərin qadağan edilməsinin Təzəpir və Heydər məscidlərindən başlanması təklifi ilə çıxış edib:
“Nə qədər ki, burada ehsan verilir, insanlara bu tələbi qoymaq mümkün deyil. Azərbaycanda toy və yas mərasimləri qədim bir ənənədir. Bu, bizə ata-babalarımızdan miras qalıb və davam edir. Təəssüf ki, həm toy, həm də yas mərasimləri artıq adət-ənənə çərçivəsindən çıxaraq o həddə çatıb ki, insanlar da, dövlət də narahat olmağa başlayıb. İndi bir çox yerlərdə yas mərasimlərində yemək verilməsi dayandırılıb. Mənim deputat olduğum İmişli rayonunda artıq bu, bir çox kəndlərdə ənənəyə çevrilib. Mən də əlimdən gələni etdim. Bilirəm ki, Saatlıda, Bakının bəzi yerlərində də ehsan verilmir. Amma ümumilikdə məsələnin bütün ölkə üzrə tətbiqi üçün nümunəni rəhbər şəxslər göstərməlidir”.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi də “Sherg.az”a açıqlamasında deputat Razi Nurullayevin dəbdəbəli yas mərasimlərinin qadağan edilməsi ilə bağlı prosesin Təzəpir və Heydər məscidlərindən başlaması təklifini müsbət dəyərləndirib. Onun sözlərinə görə, bu cür nüfuzlu ibadət məkanlarında başlanacaq dəyişikliklər, digər məscidlər və bölgələr üçün nümunə ola bilər. Yas mərasimlərinin mahiyyətini, sosial yükünü və bu yükün ailələrə vurduğu maddi-mənəvi zərərləri nəzərə aldıqda, bu təklif sadəcə dini deyil, sosial ədalət baxımından da zəruridir:
“Yalnız bu halda günümüzlə ayaqlaşmayan köhnədən qalmış adətləri aradan qaldırmaq olar. Əslində bu adət heç köhnədən də qalmayıb. Keçmişdə yas düşən evə qohumlar yemək bişirib gətiriblər ki, kədər içində olan ölü sahibinə də yemək yedirsinlər. Sonralar yas mərasimləri üçün xüsusi yerlər inşa edildi və günümüzdə dəbdəbəli və bahalı bir biznes sahəsinə çevrildi. Burada dünyasının dəyişmiş insanın qohumları və yaxınları istismar edilir. Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir. Dünyasını dəyişənin özündən sonra azyaşlı övladları, təhsilini davam etdirən övladı, xəstə həyat yoldaşı qalıbsa və ya mərhumun özü uzunmüddətli yataq xəstəsi olaraq dünyadan köçübsə ailə üzvlərinə maddi yardım göstərilməlidir. Bəzən elə xəstələr olur ki, uzun müddətli bahalı müalicədən sonra dünyasını dəyişir. Adətən belə xəstələr evin olan qalanını süpürüb dünyadan köçür. Belə ailələr üçün yasda könüllülük prinsipi ilə 10-15 manat miqdarında pul yığmaq Tanrı rizası üçün yaxşı iş olar”.
Geri qayıt |