Əsas Səhifə > Güney Press > Razi Nurullayevdən yeni məmurlara etiraz:

Razi Nurullayevdən yeni məmurlara etiraz:


Bu gün, 12:31

“Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz “qılıncını” çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik.

Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur. Hamıya oğru kimi baxırlar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin növbədənkənar sessiyasının son iclasında çıxış edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir:

“Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır. Bu narahatlığımızı nəzərə alaraq, bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.

Deputat çıxışında dəfn müavinətinin verilməsi məsələsinə də toxunub:

“Dördüncü dəfə olacaq ki, dəfn müavinətinin verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Bu müavinət işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə bu puldan məhrum olurlar.

Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm ki, məsələnin indiki durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”. R.Nurullayev onu da əlavə edib ki, İmişlidə əksər yaş məclislərində ondan ölüm haqqında şəhadətamənin alınması ilə bağlı kömək istənilir:

“Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirlib və tələblər yüksəlib. Amma qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir.

Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına belə düşmür. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir.

Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sualdı, deyilmi?”

Deputat sonda təklif edib ki, ölüm haqqında şəhadətnamnin və dəfn müavinətinin ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun-qaydalarda sadələşdirilmə aparılsın.


Geri qayıt