Əsas Səhifə > Güney Press > Başını itirən Putin rejimi üçün SON AKKORDLAR

Başını itirən Putin rejimi üçün SON AKKORDLAR


Bu gün, 08:01

Rusiyanın yüksək siyasi və iqtisadi dairələrində qəribə hadisələr baş verir. Bəziləri bunu qətl, bəziləri isə intihar kimi qələmə verir. Əvvəlcə “Transneft” rəhbərlərindən biri, ardınca isə nəqliyyat naziri müəmmalı şəkildə öldü.

İyulun 7-də keçmiş Rusiya nəqliyyat naziri Roman Starovoytun həyatını itirdiyi məlum oldu. Onun ya intihar etdiyi, ya da bunda ona “kömək edildiyi” ehtimal edilir. 53 yaşlı keçmiş məmurun cansız bədəni Odintsovo şəhər dairəsindəki evindən 15 dəqiqəlik məsafədə yerləşən Maleviç parkında tapılıb.

İlkin məlumata görə, Starovoytun meyitini şəxsi mühafizəçiləri aşkar edib. Onlar xidməti avtomobillə onun “Tesla” markalı maşınının saxlandığı parka gəliblər. Meyitin yaxınlığında isə keçmiş nazirə 2023-cü ildə tapşırıqların yerinə yetirilməsində köməyə görə Daxili İşlər Nazirliyi tərəfindən mükafat kimi verilmiş “Makarov” tapançası aşkarlanıb.

Bu xəbər yayılmazdan cəmi bir neçə saat əvvəl prezident Vladimir Putinin Starovoytu vəzifəsindən azad etdiyi məlum olmuşdu. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bu qərarın səbəbini açıqlamaqdan imtina etmişdi.

Eyni zamanda bir sıra “Telegram” kanalları Starovoytun barəsində cinayət işi qaldırılması təhlükəsinin yarandığı barədə məlumat yayıb. “Shotun mənbələri iddia edir ki, keçmiş naziri dələduzluq və mənimsəməyə görə 20 ilədək azadlıqdan məhrum edilmə gözləyirmiş. Hətta Kurks vilayətinin keçmiş qubernatoru, bir vaxtlar Starovoytla birlikdə işləyən Aleksey Smirnovun onun əleyhinə ifadə verdiyi bildirilir. Smirnov bundan əvvəl bölgədə müdafiə qurğularının tikintisi zamanı bir milyard rubl mənimsəməyə görə həbs edilmişdi.

Bundan az əvvəl – cümə günü səhər saatlarında “Transneft” şirkətinin vitse-prezidenti Andrey Badalov hündürlükdən yıxılaraq həyatını itirib. Onun cəsədini evinin pəncərəsi altında mühafizəçi tapıb.

“Baza” yazır ki, 62 yaşlı Badalov 10-cu mərtəbədə yaşasa da, nədənsə 17-ci mərtəbənin eyvanından yıxılıb. Başqa məlumatlara görə, o, öz mənzilinin pəncərəsindən düşüb. İlkin araşdırma intihar versiyası üzərində dayanıb.

Badalov Rusiyanın nüfuzlu top-menecerlərindən sayılırdı. O, Moskva Mühəndis Fizika İnstitutunu və Baş Qərargahın Hərbi Akademiyasını bitirmişdi. Karyerasına müdafiə sənayesində başlamış, sonra “Atlantis Communications” və “Rusiya Rabitə Vasitələri Korporasiyası”nda rəhbər vəzifələr tutmuş, Nİİ “Vosxod” Elmi Təhqiqat İnstitutunun direktoru olmuşdu, 2021-ci ildən isə “Transneft”də çalışırdı. Vitse-prezident kimi şirkətdə rəqəmsal transformasiya və proseslərin avtomatlaşdırılmasına nəzarət edirdi.

Bütün bu hadisələr nə deməkdir? Hakimiyyət daxilində sistem çökməyə başlayıb? Klanaarasında gizli çəkişmələr dərinləşib? Bu, Putinin özünə təhlükə yarada bilərmi? Yoxsa bu proses siyasi çevrilişə yol aça bilərmi?

Pressklub.az-ın suallarını rusiyalı siyasi analitik, “After Empire” portalının baş redaktoru Olqa Kurnosova cavablandırıb.

Kurnosovanın sözlərinə görə, Starovoytun ölümü ilə bağlı bir çox müəmmalı məqamlar var:
“Demək olar ki, hər detal üzrə suallar yaranır. O, nə vaxt ölüb? Fərqli mənbələr fərqli tarixlər göstərir – bəziləri bazar ertəsi, bəziləri bazar, hətta bəziləri şənbə günü yazır. Harada ölməsi artıq bəllidir, amma bunu özü edib, yoxsa aradan götürüblər? Və daha təəccüblüsü odur ki, onun maşınının saxlandığı yerdə və meyitin tapıldığı ərazidə videomüşahidə kameraları olmayıb. Eləcə də maşından onun özünü öldürdüyü yerə qədər yolu kameralarla izləmək mümkün deyil. Yəni onun tək olub-olmadığı da məlum deyil. Doğrudur, belə bir iddia var ki, “Tesla” avtomobili özü videoyazı aparıb serverə göndərir. Ola bilsin ki, haradasa Niderlandda həmin günün yazısı var və onu tapıb açmaq olar. Bir də aydın olmayan odur ki, o, hansı tapançadan atəş açıb və ya onu hansı silahla vurublar? Yayılmış fotolarda ona “Glock” tapançası hədiyyə edilir, amma meyitin yanında “Makarov” tapıldığı yazılır. Bu doğrudur, ya yox?’

İstintaqı Rusiya İstintaq Komitəsi aparır, yerli polis isə prosesdən kənarlaşdırılıb. Bu da bir ayrı sualdır. Görünür, bu addım informasiyanın sızmasının qarşısını almaq üçün atılıb. Ona görə də indiki məqamda suallar cavablardan qat-qat çoxdur”, – jurnalist bildirir.

Kurnosova xatırladır ki, Smirnovun hələ aprel ayında Starovoytun əleyhinə ifadə verdiyi barədə məlumat var və bu da apreldən bu günə qədər Starovoytu qorumaq uğrunda ciddi mübarizə getdiyini göstərir.
“Starovoyt Rotenberqlərin klanına daxil. Müvafiq olaraq Rotenberqlər, xüsusən də Arkadiy Rotenberq onu cinayət işindən xilas etməyə çalışırdı. Çox güman, onlar başa düşürdülər ki, Starovoyt həbs olunsa, hamını, o cümlədən Arkadiy Rotenberqi də ifşa edəcək. Bəlkə də Starovoyt özü də bunu deyibmiş. Ona görə indi nəticə budur: Starovoyt ölüb, nazir vəzifəsinə isə Kovalçukların klanına daxil olan yeni şəxs gətirilib. Bu mübarizədə Kovalçuklar Rotenberqləri üstələyib. Bu isə klanlararası savaşın getdikcə daha da qızışdığını göstərir. Bütün bu baş verənlər sistemdə ciddi disbalansın yarandığının əlamətidir.
Aydındır ki, bu, nədən qaynaqlanır. Çünki müharibə hamının ürəyincə deyil. Bəziləri bundan qazanc götürür, amma bir çoxları üçün bu vəziyyət onların xaricdə qurduğu əlaqələri dağıdır və onları çox çətin vəziyyətə salır. Üstəlik, şəxsi sanksiyalar da var. Yəni sabitlik gedir, daxili problemlər artır”, – analitik qeyd edir.

Siyasi çevriliş ehtimalına gəlincə, ekspert düşünür ki, bu, hələlik birbaşa gündəmdə deyil. Amma ölüm hadisələri və həbslər artdıqca, yüksək vəzifəli şəxslərin həbs edilməsi təhlükəsi də yüksəlir. “Bəlkə də Starovoyt çoxdan ölüb, onun meyitini vəzifədən çıxarıblar – bu da ayrıca maraqlı məqamdır, amma bunu heç vaxt öyrənə bilməyəcəyik. İstənilən halda, onu vəzifədən uzaqlaşdırmaq həm də ona qarşı istintaq işi açmamaq üçün edilirdi. Bu isə sistemin həddindən artıq kritik mərhələyə gəlib çatdığının əlamətidir. Bu, hakimiyyətdəki elitalara siqnaldır ki, sabah növbədə kimin olacağına heç kimin zəmanəti yoxdur. Çünki hamıya məlumdur ki, Starovoyt və Rotenberqlər yalnız özləri üçün oğurlamırdılar, həm də “ümumi kassaya” işləyirdilər. Əgər sistemin qaydalarını pozmayan oyunçuları da tutmağa başlayırlarsa, deməli, sistem artıq işləmir. Bu isə kimlərinsə saray çevrilişi planlaşdırmasına gətirib çıxara bilər. Hələlik onları yalnız qorxu və qarşılıqlı etimadsızlıq saxlayır. Çünki heç kim heç kimə inanmır. Kiminlə danışasan ki, sonra sənin sözünü yazıb çatdırmasın, sənə qarşı istifadə etməsin, ya da sabah qapını sındırıb, başına kisə keçirməsinlər? Məhz bu qorxu, situasiyanı dəyişmək istəyənlərin əksəriyyətini hələlik çevrilişdən çəkindirir”, – Kurnosova güman edir.


Geri qayıt