Əsas Səhifə > Güney Press > Dövlət qurumu 8 milyona nələr alacaq?
Dövlət qurumu 8 milyona nələr alacaq?Bu gün, 06:41 |
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat və xüsusi təyinatlı texnikaların alınması ilə bağlı ümumi dəyəri 8 milyon manatdan çox olan iki tender elan edib. "DİA-AZ" xəbər verir ki, birinci tender çərçivəsində içməli su, kanalizasiya təmizliyi və digər texniki işlər üçün nəzərdə tutulmuş müxtəlif növ nəqliyyat vasitələrinin alınması planlaşdırılır. Ehtimal olunan qiyməti 7.719.420,70 AZN olan bu tenderə daxil olan nəqliyyat vasitələri sırasında 10 tonluq və 3 tonluq kombinə kanal təmizləyici avtomobillər, 13 tonluq kanalizasiya təmizləyici texnika, 10 tonluq içməli su daşıyan nəqliyyat vasitələri, kran manipulyator, evakuator və bortlu-cüt kabinli yük maşınları yer alır.Satınalma ilə bağlı təkliflərin təqdim olunması və zərflərin açılması 12 avqust 2025-ci il saat 17:00-da baş tutacaq. Tenderdə iştirak üçün müəyyən edilmiş ödəniş 1500 manatdır. Satınalma prosesi ilə bağlı məsul şəxs Məmmədyar Musayevdir ([email protected], +994 12 431 47 67 (3388)). İkinci tender isə yol infrastrukturunda istifadə olunan dolğu materiallarının kipləşdirilməsi üçün lazım olan texnika və avadanlıqların satın alınmasını əhatə edir. Ehtimal olunan dəyəri 294.149,96 AZN olan bu tender çərçivəsində 2 ədəd kiçik yol silindiri, 10 ədəd kiçik və 10 ədəd böyük vibrotoxmaq, eləcə də 1 ədəd asfalt vərdənəsinin alınması planlaşdırılır. Təkliflərin təqdim olunması və zərflərin açılış tarixi 5 avqust 2025-ci il saat 17:00 olaraq müəyyən edilib. İştirak haqqı 350 manat təşkil edir və bu tender üzrə məsul şəxs Elçin İbrahimovdur (Elcin.İ[email protected], +994 50 323 64 99). Hər iki tender üzrə ümumi ehtimal olunan dəyər 8.013.570,66 AZN təşkil edir və bu da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin infrastruktur gücləndirməsi istiqamətində atdığı əhəmiyyətli addımlardan biridir. Geri qayıt |