Əsas Səhifə > Güney Press > “Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır”

“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır”


Bu gün, 13:51

“Sonuncu məhkəmə prosesində ekspertiza təyin edilib”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyindən (AYB) mənzil bölgüsü ilə bağlı mübahisəli şəkildə ayrılan şair İlham Qəhrəman deyib.

Şair bildirib ki, ekspertiza AYB sədri Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını nəzərdən keçirəcək:

“Sonuncu məhkəmə prosesində hakim belə qərar verdi ki, mübahisəyə səbəb olan yazı ekspertizaya göndərilsin. Ekspertiza tərəfindən həmin yazıda şərəf və ləyaqətin alçaldılıb-alçaldılmadığı müəyyənləşdirilsin.

Sonuncu məhkəmə iclası mayın axırlarında keçirilib. Ekspertizanın rəyindən sonra prosesin nəticəsi bəlli olacaq. Məhkəmə yalnız ekspertiza rəyindən sonra Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığına hüquqi qiymət verəcək”.

Şairin sözlərinə görə, bu barədə ona yazılı məlumat veriləcək:

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və baş müşavir Rauf Aslanov öz iddialarını geri götürüblər. Növbəti məhkəmə iclasının vaxtı ekspertiza rəyindən sonra məlum olacaq və bu barədə mənə yazılı məlumat veriləcək.

Məhkəmə prosesləri boyunca yazıçı Anar bir dəfə də olsun iclaslara qatılmadı. Onun adından vəkili iştirak edirdi. Mən isə heç bir vəkil ilə təmin olunmadım. Maddi imkanım olmadığı üçün vəkil tuta bilmədim, pulsuz vəkillə də təmin olunmadım”.

Qeyd edək ki, şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə iddia etdiyi haqsızlıqlarla bağlı dərc olunan tənqidi yazısından sonra AYB tərəfindən məhkəməyə verilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev qarşı tərəfdən 5 000 manat məbləğində maddi təzminat və üzr tələb edir.


Geri qayıt