Əsas Səhifə > Güney Press > Qarageni də Qalstanyanın aqibəti gözləyir:

Qarageni də Qalstanyanın aqibəti gözləyir:


Bu gün, 13:07

"Əgər Ktriç Nersisyan (II Qaregin – red.) Vazgen Qalstanyan (Baqrat) və Gevorq Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, o, adıçəkilən şəxslərin ideologiyasını və ölkədə hərbi çevriliş etmək, insanları küçələrdə güllələmək, xaos yaratmaq planlarını dəstəkləyir".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk hesabında paylaşıb.
“Belə olduğu təqdirdə, Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan heç bir ərazi hüquq-mühafizə orqanlarının fəaliyyətindən kənarda qala bilməz. Xüsusilə də ona görə ki, Ktriç və bir neçə digər şəxsin sayəsində həmin ərazilər əxlaqsız davranışlar üçün hələ də əlverişlidir”, - o qeyd edib.
Qeyd edək ki, ötən ay arxiyepiskop Vazgen Qalstanyanın lideri olduğu hərəkatın Ermənistanda terror və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
 
Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Ermənistan hökuməti kilsənin dövlətin işinə qarışmasının qarşısını almaq istəyir:
"Baş nazir Nikol Paşinyan əsasən Rusiyanın təsirində olan din xadimlərinə qarşı mübarizə aparır. Qareginin vəzifəsindən istefası tələb olunur. Onun dini qaydalara əməl etməməsi və qanunu pozması əsas iddialardandır. Eyni zamanda üsyana başçılıq etmiş Vazgen Qalstanyan həbs edilib. Ola bilsin Qaregin də onun aqibəti ilə üzləşsin. Paşinyan bilir ki, Qaragen dövlətin sərbəst qərarlar qəbul etməsinə və icrasına kilsə maneələr törədəcək. Əsasən sülh prosesini pozmaq və yenidən ölkəni münaqişələrə cəlb etmək üçün kilsə xarici təsirlərə altında təxribatlara əl atır. Bunun üçün də Paşinyan kilsəni ram edərək dövlətə tabe olunmasını istəyir. Əsasən onun xarici təsirlərdən çıxmasını, xüsusən Rusiyaya xidmət edən din xadimlərinin uzaqlaşması məqsəd qoyub. Şübhəsiz ki, Nikol Paşinyan buna nail olacaq. Əks halda onun bütün gördüyü işlər hədər gedə bilər. Erməni Apostol Kilsəsinin başçısı Qaregin ya hökumətlə razılaşmalı ya da həbsə getməli olacaq. Xalqın əksəriyyətinin hökuməti dəstəkləməsi və kilsənin dövlətin işlərinə müdaxiləsinə mənfi yanaşması Paşinyana əsas verir ki, keşişləri siyasətdən aralasın".
 
Politoloq əlavə edib ki, dinin dövlətin işlərinə bu cür müdaxiləsi, din xadiminin siyasətə qarışıb dövlətə qarşı çıxması dünyəvi idarəetmə sistemində qəbul edilə bilməz:
"Əslində bu olaylar müsəlman ölkəsində olsaydı beynəlxalq təşkilatlar hərəkətə keçmişdi. Sadəcə xristian təəssübkeşliyi imkan vermir ki, Ermənistanda baş verənlərdə kilsəni qınasınlar. Əsasən də Fransa kimi Avropa dövlətləri erməni kilsəsinin əli ilə Türkiyə və Azərbaycana qarşı bir çox planlarda müştərək hərəkət ediblər. Nəticə etibarı ilə hakimiyyət yaxın zamanda kilsəni ram edə biləcək".

Geri qayıt