Əsas Səhifə > Güney Press > Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək

Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək


Dünən, 18:07

Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi "Lider-Line" MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun Mingəçevir şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 449 201,93 manatdır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Lider-Line” şirkəti 2021-ci ildən Mingəçevirdə abadlıq-təmir işləri aparır. Yəni, Mingəçevir Şəhər İcra Hakimiyyətinə tabeli qurumların abadlıq-təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi yalnız bu şirkət seçilir.
"Lider-Line” MMC 20 aprel 2018-ci ildə qeydiyyata alınıb. Şirkət əvvəlcə "Lider-NN” MMC adlandırılıb. Lakin qısa müddət sonra adı dəyişdirilib.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, 11-ci baş küçəsi, mənzil 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi Aslanov Ramil Rafail oğludur. Ramil Aslanovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğlu olub.
İddialara görə, şirkət əslində Namizəd Əsgərova məxsusdur. Açıq mənbələrdə bu şəxs haqqında məlumatlar məhduddur. Bəlli olan odur ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən Namizəd Əsgərova şəhərin Ərəş küçəsində qeyri-yaşayış obyekti verilib. Mediada gedən məlumatlardan aydın olur ki, "Lider-Line” şirkəti əslində ətir satır.
Ətir satan şirkətin inşaat işləri ilə bağlı tenderlərdə qalib seçilməsi bu müsabiqələrin şəffaflığına şübhə salır.

Geri qayıt