Əsas Səhifə > Güney Press > Hava ilə bağlı yeni narahatlıq
Hava ilə bağlı yeni narahatlıqBu gün, 06:13 |
Avropada son günlərdə müşahidə olunan ekstremal istilər ciddi narahatlıq doğurur. İtaliya, Yunanıstan, Fransa, İspaniya, İsveçrə və Portuqaliyada meşələrə giriş qadağan olunub, yanğın riski maksimum səviyyəyə çatıb. Gələn həftə Türkiyə üçün də 40 dərəcədən yüksək temperatur proqnozlaşdırılır. Azərbaycanda yaxın günlərdə kəskin istilər gözlənilirmi? Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, Azərbaycanın fiziki-coğrafi relyefinə, əsasən dörd regionda formalaşan hava kütlələri təsir edir. “Arktik regiondan gələn hava kütlələrinin təsiri, xüsusən qış aylarında temperaturun düşməsi, yağıntılar, sulu qar, qar formasında müşahidə olunur. Mülayim enliklərdən – Aralıq dənizi, Qara dəniz, Atlantik okean və sair üzərində formalaşan hava kütlələri qərb bölgələrimizdə özünü göstərir. Tropik və kontinental kütlələr İran və Orta Asiya üzərində formalaşır, quru və isti olur. Əsasən şərq və cənub-şərq bölgələrimizdə, həmçinin respublikamızın mərkəzi hissəsində üzə çıxır. Cənubdan gələn – Ərəbistan və İran körfəzində formalaşan yenə quru, isti, bəzən tozla bərabər müşahidə olunan hava kütlələri, əsasən respublikamızın cənub və mərkəzi hissələrinə təsir edir”. Ekoloq bildirib ki, son günlərdə Balkan, keçmiş Yuqoslaviya ölkələrində, Yunanıstan, Portuqaliya, İspaniya, İsveçrə, İtaliya və Aralıq dənizində ekstremal istilər mövcuddur: “Bu, son dövrlər aktuallaşan iqlim böhranının təsirləridir və müxtəlif regionlarda fərqli formada özünü göstərir. Aralıq dənizində mülayim enliklərdən gələn hava kütlələri yerini dəyişsə, Azərbaycanda da havanın temperaturu 41, 42 və 43 dərəcəyə qədər yüksələ bilər. Ekstremal temperatur isə 46 dərəcədən çox olduqda hesab olunur. Biz hazırkı proqnozlarda bunu görmürük. İyul ayının sonuna qədər havanın temperaturu 35–38 dərəcə arasında olacaq. Ümumilikdə, ən dəqiq hava proqnozlarının 2–3 gün öncədən dəqiqləşdirilməsi mümkündür”. Geri qayıt |