Əsas Səhifə > Güney Press > Agentlik 189 mənzil alacaqdı:
Agentlik 189 mənzil alacaqdı:Dünən, 13:34 |
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi tərəfindən elan edilmiş və ümumilikdə 13,4 milyon manatdan çox dəyəri olan üç tender ləğv edilib. FED.azxəbər verir ki, ləğv qərarlarının hamısına səbəb kimi təklif təqdim edən təchizatçıların sayının qanunla müəyyən edilmiş minimum həddən az olması göstərilib. Bakı, Şirvan və Ağstafada əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillərin alınmasını nəzərdə tutan bu tenderlər çərçivəsində ümumilikdə 189 mənzilin satın alınması planlaşdırılırdı. Lakin müsabiqəyə təqdim edilən təkliflərin sayı tələblərə uyğun olmadığından proseslər dayandırılıb. Birinci tender Şirvan şəhərində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı və 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı olub. Ehtimal olunan qiymət 4.617.000,00 AZN təşkil edib. Müsabiqə 26 may 2025-ci il saat 17:53-də dərc olunub, təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı isə 01 iyul 2025 saat 17:00 göstərilmişdi. İkinci ləğv olunan tender isə Ağstafa rayonu üzrə olub. Burada da əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması planlaşdırılmışdı. Ehtimal olunan qiymət 844.470,00 AZN idi. Müsabiqə 30 may 2025 saat 14:34-də elan olunub, təkliflərin qəbul müddəti və zərflərin açılışı 30 iyun 2025 saat 17:00-a qədər nəzərdə tutulmuşdu. Üçüncü müsabiqə Bakı şəhərində 40 birotaqlı, 40 ikiotaqlı və 20 üçotaqlı mənzilin satın alınması ilə bağlı idi və ən yüksək dəyərə malik tender hesab olunurdu. Ehtimal olunan qiymət 7.980.000,00 AZN təşkil edib. Müsabiqə 23 may 2025 saat 18:22-də dərc olunmuş, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 01 iyul 2025 saat 17:00 olaraq təyin edilmişdi. Beləliklə, ümumilikdə 13.441.470,00 AZN məbləğində olan mənzil satınalmaları ləğv olunub. Bütün tenderlərin ləğvi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib. Qanuna görə, təklif verən təchizatçıların sayı üçdən az olduqda satınalma proseduru baş tutmamış sayılır. Geri qayıt |