Əsas Səhifə > Güney Press > “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq”

“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq”


Bu gün, 11:10

“Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı azdır, çünki hazırda buna ehtiyac yoxdur”.

Teleqraf xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.

Jurnalistin proqnozuna görə, sülh sazişi ilin axırına qədər imzalana bilər:

“Madam ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq yola (Zəngəzur dəhlizi – red.) nəzarətin ABŞ-yə verilməsi barədə çox yazılır, bir neçə şeyi də mən deyim.

Birincisi, təxminən bir həftəyə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Tarixi və yeri sonra yazacağam.

İkincisi, Tramp administrasiyası İrəvana yol və ya dəhlizin idarəçiliyini ABŞ şirkətinə təhvil verməyi təklif edib.

Üçüncüsü, əgər Mehridə olmusunuzsa, görəcəksiz ki, dəmir yolunun tikintisi beynəlxalq səviyyədə olan məsələ deyil (yəni şişirtməyə ehtiyac yoxdur). Əgər belə bir dəhliz varsa, o, yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvanla, həm də Türkiyə ilə birləşdirəcək,

Dördüncüsü, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Amma Bakı İrəvanın da dəstəklədiyi Minsk qrupunun buraxılmasını tələb etməkdə davam edir.

Beşincisi, müharibə ehtimalı demək olar ki, yoxdur, çünki hazırda buna ehtiyac yoxdur”.

“Middle East Eye”nin bundan əvvəl yaydığı məlumata görə, İlham Əliyev və Nikol Paşinyan iyulun sonunda Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) görüşəcək.

Zəngəzur dəhlizi ilə bağlı ABŞ Prezidenti Donald Trampın təklifinə gəlincə, bu barədə məlumatı “Carnegie” Fondu yayıb.


Geri qayıt