Əsas Səhifə > Güney Press > Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır

Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır


Bu gün, 13:12

Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan narazılıqlar sosial şəbəkələrdə də tez-tez gündəmə gəlir.

Bəs belə hallarda vətəndaş hara müraciət etməlidir? Aidiyyəti qurumlar bu məsələlərə necə reaksiya verir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, hər hansı bir xidmətdə problem yaşanarsa, vətəndaşlar bu barədə dövlət orqanlarına, xüsusən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verməlidir. Əgər fakt təsdiqini tapırsa, sürücü dərhal xətdən uzaqlaşdırılır:

“Bu, qeyri-şərtsiz icra olunan bir prosesdir. Ona görə də vətəndaşlar özləri də aktiv olmalıdır. Beləliklə, yekun keyfiyyətin artırılmasına nail ola bilərik. Əgər bir neçə hal sosial şəbəkədə müzakirəyə çıxıbsa, bu, hələ kütləvi artım demək deyil. Rəsmi statistika ilə yanaşmaq lazımdır. Belə hallarda dövlətin aidiyyəti strukturları lazımi tədbirləri görür”.

Ekspert qeyd edib ki, xidmət keyfiyyətinin artırılmasına nail olmaq üçün taksi şirkətlərinə müəyyən tələblər qoyulub. Onlardan biri də sürücülərin müştərilərlə necə davranmalı olduqları ilə bağlıdır:

“İslahatlardan əvvəl sərnişinlərin əsas şikayəti sürücülərin siqaret çəkməsi, avtomobili düzgün idarə etməməsi idi. Hazırda da bu cür hallar varsa, AYNA-nın 141 qaynar xəttinə, WhatsApp nömrəsinə və ya sosial media hesablarına faktlarla məlumat vermək lazımdır. Fakt təqdim olunarsa, dövlət mütləq tədbir görür. Əgər yeni maşınlarda da belə hallar yaşanırsa, bu barədə məlumat ötürülməlidir. Xidmətdə hər hansı nöqsan görürsünüzsə, dərhal müraciət etməlisiniz. Kobud davranış, siqaret çəkmək, maşının vaxtında gəlməməsi – bütün bunları konkret səbəblə bildirməlisiniz.

Son dövrlər sifariş olunan nəqliyyat vasitələri ilə faktiki gələn nəqliyyat vasitələri arasında uyğunsuzluqlar müşahidə olunur. Xüsusilə, mobil tətbiqdə göstərilən avtomobil nömrəsi ilə faktiki gələn avtomobilin nömrəsi fərqli olduğu təqdirdə, bu hal sistem tərəfindən avtomatik qeydə alınmalı və aidiyyəti qurumlara ötürülməlidir”.


Geri qayıt