Əsas Səhifə > Güney Press > “Heç bir düşmənçilikdən söz gedə bilməz”
“Heç bir düşmənçilikdən söz gedə bilməz”Dünən, 18:15 |
Mərhum sənətkar Ramiz Novruzun oğlu Cavidan Novruz xalq artistləri Firəngiz Mütəllimova və Bəsti Cəfərovanın atasının xatirə gecəsinə gəlmədiyini bildirib.
Moderator.az-a açıqlama verən Firəngiz Mütəllimova bildirib ki, tıxac səbəbindən xatirə gecəsinə gedə bilməyib:
“Başqa bir böyük problem olmayıb. Düzdür, Cavidan inciyib, onu görəndə bu məsələyə özüm də aydınlıq gətirərəm. O da, Ramiz Novruz da mənə həmişə əziz olublar. 9 iyunda bizim bir ailə məclisimiz var idi. Mən orada mütləq bir böyük kimi iştirak etməli idim. İndi də bilirsiniz ki, yollar elə tıxac olur ki, heç cür gedib ünvan başına çata bilmirsən. Mən hardasa fikirləşirdim ki, gedib çata bilərəm, amma alınmadı. Qismət. Cavidan mənə sonuncu günə qədər zəng etməyib. Sonra onun başı qarışıq oldu, fikirləşdim ki, o tədbirlə məşğuldur, ona necə zəng edim? Sadəcə demək istəyirəm ki, hər şey üst-üstə düşdü. Çata bilmədim, getmədim. Ramizin xatirəsi həmişə mənim üçün əzizdir. Onun ailəsi də bilir ki, mənim üçün nə qədər dəyərlidirlər”, - deyə xalq artisti bildirib.
Bəsti Cəfərova isə bildirib ki, səhhətində, daha dəqiq desək, ayağındakı problemlə bağlı xatirə gecəsində iştirak edə bilməyib:
“Bildiyiniz kimi Ramiz Novruzla son gününə qədər məşqlər aparmışıq, onun səhhətində yaranan problemdən ötrü ailəsi ilə birgə kədərlənmişik. Onun xatirə gecəsinə mütləq mən getməli idim. Cavidan mənim üçün həm dəvətnamə göndərmişdi, həm də şəxsən zəng edib demişdi. Mən mütləq getməli idim. Sadəcə olaraq iyun ayının 8-də “Xanuma” tamaşası oldu. Bilirsiniz də “Xanuma” çox hərəkətli tamaşadır. İyunun 9-da xatirə gecəsi idi. Mən tamaşadan sonra axşam evə normal gəlsəm də, səhəri gün tezdən durub ayağımı yerə qoya bilmədim. Dizim bərk şişmişdi. Həmkarım, Ramizin də dostu Cəfər Namiq Kamala zəng etdim ki, ayağım şişib, gözləyirəm, sağalsam xatirə gecəsinə gələcəm. Cəfər də bir gün əvvəl mənimlə birlikdə həmin tamaşada oynamışdı. Gördüm ki, ayağımın şişi keçmədi. Böyük qala gecəsinə axsıya-axsıya getmək də içimdən gəlmədi. Ona görə də gedə bilmədim. Başqa bir səbəb yoxdur. Cavidan düşmənçilikdən danışıb. Mənimlə Ramizin arasında heç bir düşmənçilik olmayıb, ola da bilməzdi. O mənim ən çox sevdiyim tərəf müqabillərimdən biri idi. Mən Cəfərə zəng edib gələ bilməyəcəyimi dedim. Cavidanın özünə zəng etmək istəmədim, bildim ki, qonaqları çox olacaq, başı qarışıq olacaq, burdan da öz problemimlə onu narahat etmək istəmədim. Facebookda şəkilləri gördüm ki, teatrımızın aktyorları xatirə gecəsində çox fəal iştirak ediblər. Mən buna çox sevindim. Hazırda səhhətimlə məşğul oluram. Biz qorxduq ki, problem böyük olar. Şükür, gedib damarlarımı yoxlatdırdım, dopler müayinə olundum, indi normalam. Amma özümü bir o qədər də yaxşı hiss etmirəm. Xatirə gecəsinə getməmə səbəbim təkcə budur. Başqa bir səbəb tarixində ola bilməz. Ramizin oğlu bizim əzizmizdir, bizim də oğlumuzdur. Teatrda ona kim nə deyə bilər ki? Ramizin öz yeri var, Cavidanın da öz yeri. O çox istedadlı oğlandır. Mən ona telefonda da dedim ki, sənə halaldır ki, atanın xatirəsini yad etmək üçün kitab da çap etdin, film də çəkdirdin. Sözün düzü biz mayın 25-də Ramiz Novruzun 70 illik yubileyi ilə əlaqədar teatrda bir tamaşa oynayıb, ona ithaf etməli idik. Madam ki, gördülər film təqdim olunacaq, ona görə mənə elə gəlir ki, sentyabr ayında bir ayrı cür Ramiz Novruzun 70 illik yubileyini qeyd edəcəklər. Mən bildiyim informasiya budur. Cavidanla zəng edib özüm danışaram”, - deyə xalq artisti bildirib.
Qeyd edək ki, Cavidan Novruz “Xəbərin var?” verilişində xalq artistləri haqda bu fikri bildirib:
“Orada böyük məhəbbətlə Firəngiz Mütəllimova, Bəsti Cəfərovanı gözlədim. Sağlığında atamla yaxın sənət dostu olublar. Məni çox məyus etdilər. Gözüm yolda qaldı. Onlara ssenaridə yer də vermişdim. Onlar atamın son nəfəsinə qədər səhnədə çiyin-çiyinə çalışıblar. Ən azından deyərdilər ki, problem var. Onsuz da inanmayacaqdım. Çünki son günə qədər zəng vurdum ki, gözləyəcəyəm və söz verdilər" deyə aktyor deyib.
Geri qayıt |