Əsas Səhifə > Güney Press > 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı

72 yaşlı bələdiyyə sədri cəzalandırıldı


Dünən, 15:51

Göygöl rayonu, Mollacəlilli bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib.

Musavat.com xəbər verir ki, 72 yaşlı bələdiyyə sədri Ramiz Cəlilov qulluq mənafeyinə qəsdən zidd olaraq rəsmi sənədlərin həqiqi məzmununu təhrif edərək düzəlişlər etməkdə, bilə-bilə yalan məlumatlar daxil etməklə təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı etməkdə günahkar bilinib.

Sədr olduğu müddətdə bələdiyyə üzvləri iclaslarda iştirak etmədikləri halda onların adında müvafiq sənədləri öz imzası və möhürlə təsdiqləyib. Həmin saxta rəsmi sənədlərdən ayrı-ayrı şəxslərə torpaq sahələrinin icarəyə verilməsi, rəsmi tədbirlərin keçirilməsini göstərmək məqsədi ilə istifadə edib.

İstintaq zamanı müəyyən edilib ki, bələdiyyə sədri vəzifə səlahiyyətlərindən itifadə edərək büdcədən ayrılan vəsaiti əlavə maaş olaraq yazıb və nağdlaşdırıb. O, 2019-2023-cü illər ərzində maaşlarla ümumi 10 min manatdan çox şişirdərək qeyd edilən məbləği şəxsi ehtiyaclarına sərf edib.

Ramiz Cəlilov törətdiyi əmələ görə peşman olduğunu, özünü qismən təqsirli bildiyini məhkəmənin diqqətinə çatdırıb. Vurduğu zərəri də ödəyib.

Məhkəmənin hökmü ilə Ramiz Cəlilov barəsində 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində elektron qolbaq gəzdirməli olacaq.


Geri qayıt