
Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir xalq üçün qürur mənbəyidir. Müstəqil Azərbaycan dövlətini böyük nailiyyətlərə aparan digər inkişaf istiqamətləri kimi Azərbaycan Ordusunu bugünkü qüdrətinə yetirmiş proseslər öz başlanğıcını Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursundan götürür. Azərbaycan üçün hava-su kimi lazım olacaq peşəkar hərbi kadrların hazırlanması prosesinə məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişindən sonra başlanmışdı. Müdrik dövlət xadimi 1971-ci ildə böyük zəhmət bahasına respublikada hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1993-cü ilin iyununda, müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın ağır təhlükələrlə üz-üzə qaldığı vaxtda xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıtdıqdan sonra Ümummilli Liderin həyata keçirdiyi dövlət quruculuğu proseslərində də ordu quruculuğu məsələlərinə müstəsna əhəmiyyətli məsələ kimi xüsusi diqqət yetirilirdi. Həmin dövrdə ölkədə nizami ordudan, vahid komandanlıqdan hələ əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunur, hakimiyyət davalarında vasitə kimi bu sulahlı qruplaşmalardan istifadə edilir, bu da ölkəni vətəndaş müharibəsi təhlükəsinə sürükləyirdi. Bu vəziyyətdən istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürmüş Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni bir mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi kimi Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinə əhəmiyyətli töhfə verdi. Azərbaycan Ordusu tədricən modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və daha da zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı və uğurlu addımlar atıldı. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Cənubi Qafqazın ən güclü ordusuna çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu Zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmiş oldu. İkinci Qarabağ müharibəsindən sonra müasir silahların alınması ilə yanaşı, Silahlı Qüvvələrimizdə yeni ordu birləşməsinin yaradılmasına da başlanılıb. Qısa zaman ərzində Quru Qoşunlarının komandanlığı, ümumiyyətlə, strukturu formalaşdırılıb. Bununla eyni vaxtda Quru Qoşunlarının tərkibində daha çevik, daha hazırlıqlı, daha peşəkar Komando hərbi birləşmələri yaradılıb. Azərbaycan Ordusunu gücləndirmək məqsədi ilə ölkəmiz Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail, İtaliya və digər dövlətlərlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Ölkəmizin NATO bloku ilə əməkdaşlığı xüsusi olaraq qeyd edilməlidir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı isə ayrıca qeyd olunmalıdır. Ölkələrimiz arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" imzalanmış müqaviləyə əsasən, hərbi sahədə sıx əməkdaşlıq edilir. Azərbaycan Türkiyədən mütəmadi olaraq NATO standartlarına cavab verən silah və sursat alır. Silahlı Qüvvələrimiz dünyanın ən qüdrətli hərbi gücləri sırasına yüksəlib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşıb. Silahlı Qüvvələrimizin arsenalı Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, xarici ölkələrin hərbi sənayesinin məhsulları ilə daha da zənginləşdirilir. Bu sırada 2024-cü ilin əvvəlində qardaş Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sının Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya qəbul edilməsinin böyük əhəmiyyəti var. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına bundan sonra da böyük töhfə verəcək. Hər zaman malik olduğu yüksək döyüş əzmi, ruhu dünya orduları arasında qabaqcıl mövqeyini qoruyub saxlamasına şərait yaradacaq. Ali Baş Komandanın tapşırığına uyğun olaraq Azərbaycan Ordusunun gələcək inkişafı üçün hər cür addımlar atılır və bundan sonra da atılacaqdır.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt
|