Əsas Səhifə > Güney Press > “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi

“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi


Bu gün, 09:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib. Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Sonra Azərbaycan və Türkiyə prezidentləri arasında görüşü olub.
Görüşün ardınca Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Prezidentlər tədbirdə çıxış ediblər.
“Bu gün zəlzələ bölgəsində Can Azərbaycanın da dəstəyilə ərsəyə gətirilən “Azərbaycan” məhəlləsində yaşayış və iş yerlərini haqq sahibi qardaşlarımıza təslim edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib. O, ümumilikdə 49056 iş və yaşayış yerinin təqdim ediləcəyini bildirib. “Beləliklə, istifadəyə verilən evlərin sayı ümumilikdə 250 minə çatır”, – Ərdoğan söyləyib.
Kahramanmaraş 6 fevral zəlzələsindən sonra başlayan böyük transformasiya prosesində daha bir mühüm mərhələyə şahidlik edib. İyunun 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə zəlzələ bölgəsində 250 mininci evin püşkatma mərasimi və açar təslim mərasimi keçirilib. “Azərbaycan” məhəlləsindən başlayan mərasimə bütün vətəndaşların dəvət olunduğunu bildirən Böyükşəhər Bələdiyyə Başçısı Fırat Görgel "19 İyun Cümə axşamı günü Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan Prezidenti İlham Əliyevi şəhərimizdə qonaq etməkdən xoşbəxtik”, deyib.
Bu gün şəhər daxilində nəqliyyat infrastrukturunu gücləndirmək və vətəndaşlara daha rahat səyahət imkanı təmin etmək üçün yol investisiyalarını, bu çərçivədə şəhərin mərkəzindəki “Azərbaycan” Məhəlləsində başlanan tikinti işlərini fasiləsiz olaraq davam edir. Yol Tikinti, İstismar və Təmir İdarəsinin koordinasiyası ilə həyata keçirilən işlər çərçivəsində məhəllədaxili magistral və köməkçi arteriyalara isti asfalt örtüyünün döşənməsi işləri aparılır. Yol rahatlığı və sürücülük təhlükəsizliyini artırmaq məqsədi daşıyan layihədə asfalt örtüyü ilə yanaşı abadlıq tətbiqləri də eyni vaxtda həyata keçirilir. “Azərbaycan” məhəlləsini müasir şəhər quruluşuna gətirən layihədə mərkəzi median zolaqlarının istehsalı həyata keçirilərkən, asfaltlanmış marşrutlarda üfüqi və şaquli yol nişanlanma işləri, piyada keçidi nişanlanmaları da titizliklə həyata keçirilib. Yatırılan sərmayə ilə “Azərbaycan” məhəlləsi isti asfalt örtüyü, zolaqlar, piyada keçidləri və yol nişanlanma tətbiqləri ilə estetik və təhlükəsiz nəqliyyat infrastrukturuna malikdir.

Hər iki prezidentin yeni tikililərlə tanışlığı zamanı onlara məlumat verildi ki, bu günə qədər şəhərdə 39 min yeni mənzil tikilib və iş yeri yaradılıb. 2025-ci ilin sonuna qədər Kahramanmaraşda 75 min mənzil və iş yeri təhvil veriləcəkdir. İyunun 30-da Kahramanmaraşda 17500 tamaşaçı tutumuna malik müasir idman kompleksinin tikintisi ilə bağlı işlərə başlanılacaqdır.
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev 250 mininci mənzilin açarlarının təqdimetmə mərasimində çıxış ediblər. Mərasimdə ilk olaraq söz alan Azərbaycan Prezidenti İlham Əliyev çıxışında fevralın 6-da baş vermiş zəlzələdə həyatını itirən bütün insanlara rəhmət diləyib: “Azərbaycan xalqı bu ağrını öz dərdi kimi qəbul etdi. Zəlzələdən dərhal sonra möhtərəm Prezidentimizin rəhbərliyi ilə axtarış-xilasetmə işlərinə, ardınca isə yenidənqurma işlərinə başlanıldı. Yeni evlər təhvil verilib. Bu, prezident Ərdoğanın güclü idarəçiliyini göstərən hadisədir. Azərbaycanın xilasetmə qrupları tərəfindən 53 nəfər təbii fəlakətdən sağ-salamat xilas edilib. Azərbaycan hər zaman Türkiyənin yanındadır. Biz dost, qardaş və müttəfiqik. İki qardaş ölkə olan Türkiyə və Azərbaycan imanla yanaşıdır. Kahramanmaraşlılar bu zəlzələdə öz iradəsini göstərdi. Onların arxasında güclü Türkiyə və güclü lider Ərdoğan dayanır”.
Prezident çıxışında qeyd edib ki, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur: “Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinin yanında inamla uğurla irəliləyir”.
“Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi”. Bu sözləri deyən Prezident İlham Əliyev əlavə edib ki, ilk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Prezident qeyd edib ki, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik: “Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”.
Kahramanmaraşda mənzil layihələri ilə yanaşı, sosial obyektlər də yaradılıb. Tarixi ərazilər yeni tələblərə uyğun canlandırılır. Dünyadakı və regionumuzdakı şəraitdən asılı olmayaraq, prioritetimiz bəllidir. 2025-ci ilin sonuna qədər 453 min evin tikintisini tamamlamaq üçün 2 trilyon lirədən çox sərmayə qoyulub. Bu proses milli mübarizəyə bərabərdir. Bu mübarizədə yalnız əzmlə, səbirlə və qətiyyətlə işləmək uğur gətirə bilər.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"


Geri qayıt