Əsas Səhifə > Güney Press > Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı

Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı


Dünən, 18:06

Bu ilin ilk rübü ərzində Azərbaycanın cari əməliyyatlar balansı üzrə neft-qaz sektorunda 3,9 milyard dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 2,7 milyard dollar kəsr qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda cari əməliyyatlar balansının profisiti 6,8%, digər sektorlarda isə cari əməliyyatlar balansının kəsiri 43,9% artıb.
Nəticədə cari əməliyyatlar balansının profisiti ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə 34% azalıb.
Onu da qeyd edək ki, qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri son 11 ildə ən yüksək səviyyəyə çatıb. Əvvəlki illərin ilk rübü ərzində Azərbaycanın qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansında bu qədər yüksək kəsir qeydə alınmayıb.
Son 11 ilin ilk rübü ərzində qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri aşağıdakı kimi olub:
2015-ci ilin 1-ci rübü – 2,1 milyard dollar;
2016-cı il ilin 1-ci rübü – 1 milyard dollar;
2017-ci il ilin 1-ci rübü – 1,1 milyard dollar;
2018-ci il ilin 1-ci rübü – 1,3 milyard dollar;
2019-cu il ilin 1-ci rübü – 1,4 milyard dollar;
2020-ci il ilin 1-ci rübü – 1,8 milyard dollar;
2021-ci il ilin 1-ci rübü – 1,3 milyard dollar;
2022-ci il ilin 1-ci rübü – 1,5 milyard dollar;
2023-cü il ilin 1-ci rübü – 1,7 milyard dollar;
2024-cü il ilin 1-ci rübü – 1,9 milyard dollar;
2025-ci il ilin 1-ci rübü – 2,7 milyard dollar.


Məlumat üçün bildirək ki, cari əməliyyatlar hesabı tədiyyə balansının əsas bölmələrindən biridir və bir ölkənin xarici dünya ilə olan iqtisadi əməliyyatlarını əks etdirir. Buraya mal və xidmətlərin ticarəti, gəlirlər və transferlər daxildir.
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsirinin 2015-2025-ci illər ərzində artması o deməkdir ki, Azərbaycan neft-qaz gəlirlərindən kənarda, yəni real sektorun digər sahələrində xaricə daha çox pul çıxarır, nəinki daxil edir.


Geri qayıt