Əsas Səhifə > Güney Press > 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu

2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu


Dünən, 17:21

İyun ayının 1-nə Azərbaycan 10 milyon 363 min 108 ton xam neft və xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın statistik dəyəri isə 5 milyard 642 milyon 731 min ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 493 min 436 ton və ya təxminən 5 faiz artıb. 2024-cü ildə bu məhsullar üzrə ümumi ixrac həcmi 9 milyon 869 min 672 ton olmuşdu.

Ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5 milyon 730 min 746 ton xam neft ixrac olunub. Dəyəri ifadəsində ixrac 3 milyard 88 milyon 100 min dollar təşkil edib.


İkinci yerdə Xorvatiya qərarlaşıb. Bu ölkəyə 744 min 703 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 408 milyon 862 min dollar olub. Üçüncü yeri isə Rumıniya tutur. Bu ölkəyə ixrac edilən 683 min 725 ton xam neftin statistik dəyəri 377 milyon 106,29 min dollar təşkil edib.

Bundan əlavə, Portuqaliyaya 576 min ton (310 milyon 369,10 min dollar), Çexiyaya isə 588 min 693 ton (304 milyon 667,44 min dollar) həcmində xam neft ixrac olunub.


Geri qayıt